Mayın 31-də Azərbaycan Dövlət Musiqili Teatrı mövsümün növbəti premyerasını təqdim etdi. Kollektiv bu dəfə dünyada absurd teatrın yaradıcılarından sayılan fransız əsilli irland yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məşhur "Qodonun intizarında" pyesini səhnəyə çıxarıb. Pyesin əsasında hazırlanan eyniadlı tamaşanın bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsi üzrə diplomçusu Yunis Vəlipurdur.
S.Bekketin əsərlərinə, o cümlədən adıçəkilən pyesə indiyədək bütün dünyada müraciət olunsa da, ilk dəfədir ki, "Qodonun intizarında" pyesi Musiqili Teatrda səhnələşdirilir. Yəqin ki, bu da təsadüfi deyil. Çünki ilk dəfə Azərbaycan bəstəkarı, Xalq artisti Fərəc Qarayev ötən əsrin 80-ci illərində dünya absurd teatrının şah əsəri sayılan "Qodonun intizarında"nı nəzərdə tutaraq, "... İntizarında" adlı ansambl, yaxud kamera orkestrinin müşayiəti ilə dörd solistin teatr səhnəsində ifa etməsi üçün musiqi əsəri yazıb.
Fərəc Qarayevin musiqisi əsasında hazırlanan absurd-tamaşada əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Hüseyn Əlili və yeniyetmə aktyor Hüseyn Nağıyev məşğuldurlar.
Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Pyesi Azərbaycan dilinə Şövqi Hüseynov çevirib.
***
Tamaşadan əvvəl bəstəkar Fərəc Qarayevdən qəzetimiz üçün eksklüziv müsahibə aldıq:
- Fərəc müəllim, bu yaxınlarda Azərbaycanın Xalq artisti fəxri adına layiq görülməyiniz və bu tamaşa münasibətilə Sizi təbrik edirik.
- Çox sağ olun. Düzünü deyim ki, hər iki xəbər məni sevindirsə də, bu tamaşa barədə xəbər alanda həm də heyrətləndim. Bilirsiniz, Bekketin əsərini tamaşaya qoyan teatr artıq bu seçimi və əməli ilə deyir ki, o, tamam başqa səviyyəli kollektivdir, onun teatr təfəkkürü başqadır.
- Hətta tamaşa zəif olsa belə?
- Əlbəttə! Digər tərəfdən, bu tamaşaya universitetin diplomçusu quruluş verir. Gənclər isə təcrübəli insanlardan fərqli düşünürlər. Mən əminəm ki, tamaşanın bədii rəhbəri Əliqismət Lalayev başda olmaqla tamaşa üzərində çalışan ən son işıqçıyadək hər kəs bu tamaşadan ötrü bacardığını əsirgəməyib.
- Otuz il əvvəl isə sizin bu əsərinizin taleyi gətirməmişdi...
- Bəli. O zaman Böyük Teatrda "Qodonun intizarında" səhnələşdirildi. Tamaşa Zaqrebdə festivalda nümayiş olunmalı idi, amma sovet hökuməti onu qadağan etdi. Bu gün başqa dövrdür və mənim əsərim vətənimdə ilk dəfə səhnəyə qoyulur. Mən hələ orkestri dinləməmişəm, heç bir məşqdə iştirak etməmişəm, amma əminəm ki, tamaşa uğurlu alınıb.
Qeyd edək ki, premyera müvəffəqiyyətlə keçdi. Premyerada Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Gülcahan Mirməmməd