Bu sahədə fəaliyyətin yeni formalarının tətbiqi müzakirə olundu
Mayın 31-də Qala Dövlət tarix-etnoqrafiya qoruğunda Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) təşkilatçılığı ilə "Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili istiqamətləri" adlı dəyirmi masa keçirildi.
Tədbirdə çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev diqqətə çatdırdı ki, mərkəz regionlarda fəaliyyət göstərən muzeylərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fərqli təyinatlı layihələr icra edir. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən tarix və tarix-diyarşünaslıq muzeyləri vasitəsilə milli məfkurənin öyrənilməsinə xidmət edən milli, tarixi maddi-mənəvi dəyərlərin təbliği, ekspozisiyaların elmi konsepsiyasının, mövzu ekspozisiya planlarının hazırlanması və muzey işinin tələblərinə uyğun olmayan digər problemlərin araşdırılması yollarıdır.
Qala qoruğunun direktoru Məlahət Fərəcova bildirdi ki, bu gün dünyada muzeylərin əksəriyyətində müasir texnologiyalar tətbiq olunur. Azərbaycanda da dünya təcrübəsi öyrənilir və onun tətbiqi istiqamətində işlər həyata keçirilir. Muzey mütəxəssisləri öz işlərini günün tələblərinə uyğun qurmağı bacarmalı və daim axtarışda olmalıdırlar.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova çıxışı zamanı muzey eksponatları və ekspozisiya işinin sintetik fəaliyyət olduğunu diqqətə çatdırdı. MEMM-in Mədəniyyət və incəsənət təsisatları ilə iş üzrə şöbəsinin müdiri Məzahir Qarayev son dövrdə mərkəz tərəfindən muzey işinə dair nəşr olunan metodiki vəsaitlər və bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verdi.
Daha sonra dəyirmi masa iştirakçılarının mövzu üzrə məruzələri dinlənildi. MEMM-in Muzey işi sektorunun müdiri Pakizə Almazovanın "Muzeylərdə ekspozisiya işinin təşkili", metodisti Məhbubə Əbilovanın "Ekspozisiyanın tərtibatında işıq və rəng amili", Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazovanın "Muzey ekspozisiyasının layihələndirmə məsələləri", Azərbaycan İstiqlal Muzeyinin Elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyiblinin "Azərbaycan İstiqlal Muzeyində Xalq Cümhuriyyəti bölməsinin mövzu quruluşu" və başqa mövzularda məruzələr təqdim olundu.
Məruzələrdən sonra yekun nitqi ilə çıxış edən MEMM-in direktoru Asif Usubəliyev bildirdi ki, muzeylərin bugünkü fəaliyyəti, iş sistemində qəbul edilən aktlar reallaşmalıdır: "Muzey sahəsində olan problemlərin özəyini öz iş sistemimizdə axtarmalıyıq. Muzeylər öz işlərini birgə əməkdaşlığa əsasən qurmalıdırlar. Təcrübə paylaşması və təkliflər olmadan təkmil mexanizm qurula bilməz. Peşəkar təcrübənin öyrənilməsi muzey işində yeniliklərə yol aça bilər. Muzeylər mövqelərini qorumaq üçün müasir tələblərə cavab verəcək qaydalarla işləməlidir. Buna görə də uyğun formatlar seçərək işimizi cəlbedici qurmağa çalışmalıyıq. Müasir cəmiyyət öz qaydalarını diktə edir. Hər bir muzey əməkdaşı bu reallığı görməli və işində tətbiq etməlidir".
Dəyirmi masa müzakirələrlə davam etdi. Tarix və tarix-diyarşünaslıq muzeylərində ekspozisiya işinin təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirildi.
Lalə