Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Aşıqlar Birliyi ilə birgə həyata keçirdiyi "Aşıq musiqisi axşamları" layihəsinin sonuncu konsert proqramı təqdim olunub.
Mayın 29-da keçirilən "Yeni səslər, qədim havalar" adlı konsertdə Əməkdar incəsənət xadimi, Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Koroğlu" dastanına, Aşıq Ələsgərin saz-söz dünyasına həsr edilmiş tədbirlərlə yanaşı, Dədə Şəmşirin şeirləri səsləndirilib, Aşıq Ədalətin xatirəsi anılıb. Eyni zamanda aşıq musiqisi sahəsində xidmətləri olan xanım aşıqlarımız hörmətlə yad olunub.
Bildirilib ki, layihənin məqsədi sənətkarlarımız haqqında yeni nəsildə maraq yaratmaq, onların yaradıcılığını gənclərə çatdırmaqdır. Bu ilin yanvar ayından başlayaraq Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində beş konsert proqramı təqdim olunub. Həmçinin gənc aşıqlar tərəfindən bir sıra musiqilər ifa olunub.
Layihənin son konsertində Pərviz Cəfərov "Osmanlı divanisi", Ramin Qarayev "Təxmis", Samir Pənahov "Ruhani", Elçin Vəliyev "Misri", "Nemət" qrupu "Naxçıvani", Nicat Nemət "Yanıq Kərəmi", Əfsanə Kərimova "Ağır Şərili", Əli Zeynalabdinov "Dilqəmi", Familə Göyçəli "Qəhrəmani" və “Misri” qrupu "Kərəm gözəlləməsi"ni ifa ediblər.