Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının "Qalaaltı" kurortunda keçirilən konfransı çərçivəsində Avropanın termal xəritəsi üzrə təqdimat oldu.
   Assosiasiyanın Elmi komitəsinin prezidenti Mario Kresente çıxış edərək Avropanın termal şəhərləri, bu şəhərlərdə turizmin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, eləcə də EHTTA-nın fəaliyyəti haqqında məlumat verdi. Roma İmperiyası dövrünə aid xəritəni nümayiş etdirən mütəxəssis bildirdi ki, bu xəritə üzərində termal mənbələri olan şəhərlər öz əksini tapıb: "Bu tarixi xəritədə Azərbaycanın yerləşdiyi ərazi də təsvir olunub. Xəritənin prototipini 2016-cı ildə yaratmışıq və bu təsvirlərin hazırlanmasında tarixçilər, arxeoloqlar da yaxından iştirak ediblər".
   Tibbi turizmin bugünkü inkişafından danışan M.Kresente ildən-ilə insanların müalicəvi istirahətə marağının artdığını vurğuladı: "Avropanın müxtəlif ərazilərində minerallarla zəngin termal qaynaqlar var. Bu termal su mənbələri qədim zamanlardan insanlar tərəfindən istifadə olunub. Eləcə də bu resursların istifadə olunması və faydaları haqqında müxtəlif mənbələrdə məlumatlara rast gəlirik. İndi isə bu termal sulardan daha geniş istifadə edilməsi üçün müasir infrastruktur yaradılır, müalicə imkanları genişlənir. Bu da, təbii ki, turistləri daha çox cəlb edir". 
   Bildirildi ki, hazırda dünyada 150-yə yaxın termal şəhər mövcuddur. Daha sonra təqdimat ətrafında müzakirələr aparıldı. İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
   Sonda beynəlxalq tədbirin iştirakçıları "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksi ilə tanış oldular.
   
   Fariz