Şəffaf ipək üzərində rəsm və təkəlduz işləri sərgilənib
   
   Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə mayın 30-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpək əsərlər, ipək səslər" adlı sərgi və konsert təşkil olunub.
   Sərgidə rəssamlar Tünzalə Məmmədzadə, Türkan Məmmədzadə və Elmar Məmmədzadənin şəffaf ipək üzərində rəsm və təkəlduz işlərindən ibarət 60 əsəri nümayiş etdirilib.
   Mərasimdə Milli Məclisin deputatı Adil Əliyev və başqaları çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ipək üzərində rəsm sənətinin tarixi çox qədimdir. Bu incə sənətin Azərbaycanda təbliği və daha geniş auditoriyaya çatdırılması mədəniyyətimizin inkişafı baxımından vacib addımdır.
   Rəssam Elmar Məmmədzadə jurnalistlərə müsahibəsində ipək üzərində rəsm sənətinin yüksək incəlik və səbir tələb etdiyini vurğulayaraq deyib: "Bu sənət səhvi qəbul etmir. Belə ki, kətan üzərində yağlı boya ilə rəsm işləyərkən səhv edən zaman onu düzəltmək olur. Amma bu, ipək üzərində mümkün deyil. Elə əsərlər olur ki, 4-5 aya ərsəyə gəlir. Burada sərgilənən əsərlərin əksəriyyəti İslam dininə aid mövzuları əhatə edir".
   Sərgidə nümayiş olunan əsərlər ziyarətçilərin böyük marağına səbəb olub.
   Tədbir konsert proqramı ilə davam edib.