İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı 2 iyun tarixli buraxılışını Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə çap edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasiminə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilmiş rəsmi qəbula həsr edib.
Proqramda kitabın təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin, kitabın həmmüəllifləri - Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kostanın çıxışları, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin tarixi xidmətləri, xarici siyasəti, İtaliya ilə münasibətlərinin qurulması barədə məlumatlar yer alıb.
Həmçinin verilişdə Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, ölkəmizin multikulturalizm ənənələrindən bəhs olunub. İki ölkə arasında humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri, bu xüsusda Heydər Əliyev Fondunun töhfələrinə toxunulub.
Verilişdə Bakının “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair videoçarxlar da nümayiş etdirilib.