İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2017” adlı elmi yaradıcılıq müşavirəsi keçirilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ötən əsrin 70-80-ci illərində akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi ilə keçirilmiş “Ədəbi proses-1976-1984” elmi sessiyaları barədə danışıb. Bildirib ki, bu yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm mərhələ olmuş hadisələrdir. 1984-cü ildən sonra Ədəbiyyat İnstitutunda ara-sıra ədəbi ilin yekunlarına həsr olunmuş elmi sessiyalar təşkil olunsa da, bu iş ardıcıl xarakter daşımayıb. 2014-cü ildən etibarən keçirilməyə başlanmış “Ədəbi proses” tədbirləri forma və məzmunca yeni xarakter daşıyır və artıq beşinci dəfə təşkil olunur.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Ədəbiyyat İnstitutunun təşəbbüsünü yüksək qiymətləndirib, belə tədbirlərin ədəbiyyatın inkişafına töhfələr verəcəyini vurğulayıb.
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı bu yaradıcılıq müşavirələrində böyük elmi potensialın formalaşdığını və zəngin nəzəri təcrübənin əldə olunduğunu diqqətə çatdırıb.
Tədbir elmi məruzələrlə davam edib. İnstitut əməkdaşlarının ədəbiyyatın müxtəlif janrlarına dair 20-dək məruzəsi dinlənilib.