Muğam sənətimizin UNESCO-nunsiyahısına daxil edilməsinin ildönümü qeyd edilib
Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qəbul və konsert keçirilib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilən tədbiri daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov açaraq muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında ətraflı məlumat verib.
Bildirib ki, mədəni dəyər və milli kimliyimizin əsası kimi muğam xalqımız tərəfindən yüksək qiymətləndirilir. A.Kərimov muğam sənətinin tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxması və UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolundan söz açıb.
Xatırladaq ki, Azərbaycan muğamı 7 noyabr 2003-cü il tarixində UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri” elan olunub. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 17 oktyabr 2003-cü il tarixli Konvensiyasına ölkəmiz 2006-cı ildə qoşulub. 2008-ci ildə Azərbaycan muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınıb.
A.Kərimov Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi üzvlüyünə namizədliyi barədə də danışıb. O, ölkəmizdə mədəni irsin qorunması istiqamətində bir çox milli qanunvericilik aktlarının qəbul edildiyini və bu sahədə bir çox layihələr həyata keçirildiyini diqqətə çatdırıb.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov muğamın milli və beynəlxalq səviyyədə təşviqində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu olduğunu bildirərək, onun ölkəmizlə təşkilat arasında əlaqələrin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Səfir ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. O, 2010–2014-cü illərdə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlüyü dövründə Azərbaycanın qurumun fəal və etibarlı tərəfdaşı olduğunu xatırladaraq, yenidən seçildiyi təqdirdə bu tərəfdaşlığın daha dinamik olacağını vurğulayıb. Bildirib ki, sözügedən Komitəyə üzv seçilməsi ölkəmizin zəngin təcrübəsini digər üzvlərlə bölüşmək və onlarla əməkdaşlıq ruhunda işləmək imkanı yaradacaq.
E.Sultanov tədbir iştirakçılarını UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın namizədliyini dəstəkləməyə, qlobal qeyri-maddi mədəni irsin müdafiəsi kimi nəcib vəzifəyə birgə səylərlə töhfə verməyə çağırıb.
Sonra “Mugham Souls” qrupunun üzvləri Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), Ələsgər Məmmədov (tar), Vasif Hüseynzadə (piano), Şirzad Fətəliyev (balaban), Yusif Əzizovun (bass nağara) müşayiəti ilə xanəndə Qoçaq Əsgərov və Pyer Treqomen “Sarı gəlin”, “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı-kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Mədəniyyət Nazirliyinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə ölkəmizin namizədliyinə dair nəşri, “İRS” jurnalının UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinə həsr olunmuş xüsusi nömrəsi tədbir iştirakçılarına hədiyyə edilib.
Sonra tədbir iştirakçıları milli mətbəximizin təamlarına qonaq ediliblər.