Gündüz balacalar üçün “Şirinlər”, axşam seansında benefis-tamaşa

 

Komiks-romanın səhnə variantı 

İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iki premyera ilə seyrçilərin görüşünə gəldi.

Gündüz teatrın səhnəsində belçikalı rəssam və komiks-romanlar müəllifi Pyer Cullifordun “Şirinlər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərildi. Paytaxt məktəbliləri tərəfindən böyük coşqu və maraqla qarşılanan tamaşa əslində onlara  məşhur cizgi filmindən tanış idi. Tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hislər aşılanır.

Teatr son dövrdə maraqlı uşaq tamaşaları ilə azyaşlıları sevindirib. C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində”, “Çeburaşka”, R.Hovardın “Qrinç”, H.Andersenin  “Qar kraliçası” və Sten Linin “Hörümçək adam” tamaşalarından sonra səhnə tərtibatı, kostyum, rəssam işi, musiqi tərtibatı, aktyor oyunu baxımından “Şirinlər” balaca tamaşaçılarda əsl şirin hislər yarada bildi. Dinamik aktyor oyunu, səhnədən uşaqlarla ünsiyyət, aktyorların plastikası, müasir uşaqların dünyagörüşünə uyğun rejissor həlli tamaşanı baxımlı etmişdi.

Balacalara şirin istirahət yaşada biləcək tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Musiqi tərtibatını İradə Muradova, tamaşanın plastik həllini Ceyhun Dadaşov verib. Rolları Rasim Cəfər, Şəfəq Əliyeva, Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova və başqaları ifa edirdilər. 

Qeyd edək ki, “Şirinlər” Pyer Kullifordun cizgi romanıdır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildə animasiya filmi olaraq ekranlara çıxıb. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində müxtəlif dillərdə ekranlaşdırılıb. İndi isə azərbaycanlı uşaqlar sevimli cizgi film qəhrəmanlarını teatr səhnəsində görmək imkanı qazanıblar.

 

“Ana”

 

Həmin gün teatr axşam seansında böyük şair-dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim etdi. Premyera eyni zamanda  Əməkdar artist Nübar Novruzovanın benefis-tamaşası idi.

Pyesdə xeyirlə şər, qəddarlıqla mərhəmət üz-üzə qoyulub. Humanist ideyaların carçısı olan əsərin baş qəhrəmanı Səlma ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğurulub. O, hətta oğlunun qatilini belə bağışlaya biləcək qədər geniş ürəyə malikdir. Nübar Novruzovanın yaratdığı ana obrazı milli xarakterik xüsusiyyətləri ilə tamaşaçı yaddaşında iz qoya bilir.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun yozumunda səhnə həyatı verilən “Ana” tamaşası H.Cavidin insanpərvərlik, humanizm kimi ideyalarının səhnədə təcəssümüdür. Tamaşa boyu izləyiciyə bir həqiqət ötürülür ki, həyatda bütün yaxşılıqlar kimi, heç bir pislik də cavabsız qalmır. Səhnə əsərində İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov çıxış edirlər. Aktyorların oyununda mənfi qəhrəmanlar mənən nə qədər qəddar təqdim edilirsə, müsbət qəhrəmanlar bir o qədər həyatda doğru yol tutan, mərd və alicənab obrazlardır.

Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

L.AZƏRİ