Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana və digər qurumların dəstəyi ilə ölkəmizdə ənənəvi “Şairlər günü” qeyd olunur.

Bu il səkkizinci dəfə keçirilən layihənin coğrafiyası daha genişdir. Tədbirlər Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan şairlərinin xatirəsinə həsr edilib.

Mayın 30-da layihənin iştirakçıları böyük ədiblər yurdu Şamaxıda qonaq olublar. Qədim şəhərdə “Şairlər günü” ənənəvi “Sabir poeziya günü”nə təsadüf edib.

“Yeddi günbəz” qəbiristanlığında görkəmli satirik şairin qəbri, “Şahxəndan” qəbiristanlığında böyük Azərbaycan şairi S.Ə.Şirvaninin qəbirüstü abidəsi ziyarət olunub. Mədəniyyət mərkəzində keçirilən tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, AYB-nin katibi Rəşad Məcid, türkiyəli qonaq, İLESAM-ın sədri Mehmet Nuri Parmaqsız və başqaları çıxış edərək Sabirin yaradıcılığından söz açıblar. Qiraət ustası, Əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib.

Şamaxıda keçirilən “Şairlər günü”nün iştirakçıları Fikrət Sadıq və müasir özbək poeziyasının tanınmış nümayəndəsi Rauf Parfinin xatirəsini də yad ediblər.

 

***

 

Mayın 31-də “Şairlər günü” Gəncədə davam edib. Burada Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin və türk şairi Nigar Bint Osmanın xatirəsinə həsr edilmiş ədəbi-bədii görüş təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Gəncə Dövlət Filarmoniyası solistlərinin ifasında nəğməkar şairə Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

AYB-nin Mətbuat xidmətinin rəhbəri, “Şairlər günü” layihəsinin təsisçisi Xəyal Rza bu günün yaranma ideyasından danışıb. Bildirib ki, “Şairlər günü” ideyası ilk dəfə 8 il əvvəl Bakıda reallaşıb, sonra türk dünyasından olan yazarların da qoşulduğu layihə beynəlxalq status qazanıb. Ötən ildən başlayaraq “Şairlər günü” layihəsi respublikamızın regionlarında həyata keçirilməyə başlanıb. Builki tədbirlər Gəncə, Sumqayıt, Şamaxı, Şabran, Beyləqan, Şəmkir və Tovuzu əhatə edəcək. Layihənin əsas məqsədi türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə təbliğ etmək, ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirməkdir.

Tədbirdə AYB-nin sədri Anar, İLESAM-ın sədri Mehmet Nuri Parmaqsız “Şairlər günü” layihəsinin əhəmiyyətindən söz açıblar. Tədbirdə qurumun Gəncə və Qazax bölmələrinin rəhbərləri Xəzangül Hüseynova, Barat Vüsal, türkiyəli yazarlar Yadigar Sarı, Yalçın Gülhankaya, Kemal Gürbirz iştirak ediblər.

 

***

 

“Şairlər günü”nün daha bir tədbiri Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirin iki qardaş xalqın istiqlal şairlərinə həsr edilməsindən məmnunluğunu ifadə edib. Digər çıxış edənlər Əhməd Cavadın və Mehmet Akif Ersoyun həyat və yaradıcılığından danışıblar.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyanın nümayişi ilə sona çatıb.

Qeyd edək ki, “Şairlər günü” iyunun 5-6-da Bakıda davam etdikdən sonra iyunun 7-də Beyləqanda, iyunun 8-də Şabranda tədbirlər keçiriləcək.