Azərbaycan əsilli İran rejissoru Əsgər Yusifinejadın ana dilində çəkdiyi “Ev” filmi Rumıniyada keçirilən “Transilvania” Beynəlxalq film festivalında mükafata layiq görülüb.
Mayın 25-dən iyunun 3-dək keçirilən festivalda “Ev” filmi dünyanın bir çox ölkəsində yaşanan orqan bağışlamaq problemini işıqlandırdığına görə “Münsiflər heyətinin xüsusi mükafatı”nı qazanıb.
Filmdə azərbaycanlı ailədə baş verən hadisələrdən bəhs olunur. Ailə başçısı vəsiyyət edir ki, öləndə onun orqanları ehtiyacı olanlara bağışlanılsın. Lakin ailə başçısı öldükdən sonra onun qızı atasının orqanlarının bağışlanmasının əleyhinə çıxır. Filmdə azərbaycanlıların milli mentaliteti, mehribanlığı və insanpərvərlik kimi xüsusiyyətləri göstərilir.
Ə.Yusifinejadın “Ev” filmi cari ildə Tehranda keçirilən 35-ci “Fəcr” film festivalında da mükafata layiq görülüb.
Rejissor bildirib ki, Azərbaycan dilində çəkdiyi ilk filminin uğur qazanması onu yaradıcılığını genişləndirməyə həvəsləndirib. Hazırda rejissor “Evlilik otağı” adlı yeni film üzərində çalışır. Bu film də Azərbaycan dilində çəkilir və yaxın aylarda tamaşaçılara təqdim ediləcək.