Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Beynəlxalq uşaqları müdafiə günü müxtəlif məkanlarda qeyd olunub.

Fonddan bildirilib ki, “Ümid İşığında” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşdə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib.

Həmin gün Astara şəhərinin Heydər Əliyev parkında da tədbir təşkil olunub. İştirakçılar yerli Bilik evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Dərnəyin rəhbəri Cəmalə Məmmədova rəsmlər haqqında məlumat verib.

Növbəti tədbir Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə gerçəkləşib. Məktəbin direktoru, Bilik Fondunun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynovanın təşəbbüsü ilə keçirilən tədbirdə VII-VIII sinif şagirdləri iştirak edib. Ombudsman Aparatının əməkdaşları İlahə Əfqanlı və Murad Babayev uşaq hüquqları ilə bağlı qanunvericilikdə əksini tapan müddəalardan, bu sahədə hökumətin gördüyü işlərdən danışıblar. İnteraktiv formada keçən tədbirdə məktəblilərə məlumat kitabçaları paylanılıb.