Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən iyunun 6-da Daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.
Tədbirdə vurğulanıb ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. DTX-nin əməkdaşı Akif Qasımov, Əməkdar artist Cabir İmanov xeyriyyə tədbirinin dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə növbəti töhfə olduğunu qeyd ediblər. Bildirilib ki, Daun sindromlu uşaqlar cəmiyyətdən kənarda olmadıqlarını daim hiss etməli və bu işdə onlara hamılıqla dəstək verilməlidir.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən danışıb və tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
Tədbirə çoxlu sayda azyaşlılar, o cümlədən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağının sakinləri olan uşaqlar qatılıblar.
Tədbirin bədii hissəsində DTX-nin Mədəniyyət Mərkəzinin və digər yaradıcı kollektivlərin hazırladıqları konsert proqramı təqdim olunub.
Xalq artisti Faiq Ağayevin, müğənnilər Azad Şabanovun, Günay İbrahimlinin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fləşmobu tədbirə xoş ovqat bəxş edib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.