May ayının sonlarında Sevastopolda keçirilmiş 27-ci “Zolotoy vityaz” (“Qızıl pəhləvan”) Beynəlxalq kino forumunun əsas müsabiqə proqramında qırğız rejissorları Bakıt Mukul və Dastan Japaroğlunun “Atanın vəsiyyəti” filmi “Gümüş pəhləvan” mükafatına layiq görülüb.
Maraqlıdır ki, festivalın baş mükafatı üç ekran əsərinə - Mel Gibsonun “Vicdan mülahizələrinə görə” (ABŞ), İoanna Kos-Krauze və Kşiştof Krauzenin “Quşlar Kiqalidə ötür” (Polşa) və Klim Şipenkonun “Soyuz-7” (Rusiya) filmlərinə verilib.
İkinci mükafata layiq görülmüş “Atanın vəsiyyəti”nə gəlincə, bu film təkcə qırğız xalqının deyil, bütünlükdə müasir cəmiyyətin miqrasiya mövzusuna həsr olunmuş sosial dramdır. İki rejissorun debüt filmi olan “Atanın vəsiyyəti” T.Okeyev adına “Qırğızfilm” kinostudiyası və “Elfilm Studio”nun birgə istehsalıdır və 2016-cı ildə ekrana çıxıb.
Filmdə valideynləri ilə birlikdə ABŞ-a mühacirət etmiş Azat adlı cavan oğlan 15 ildən sonra Bişkekə qayıdır. O, uzun illərdən bəri həmkəndlilərinə borclu qalmış, amma bir il əvvəl ABŞ-da vəfat etmiş atasının borcunu qaytarmalıdır. Azat kənddə öyrənir ki, doğma evləri və təsərrüfat baxımsızlıqdan dağılıb, kiçik əmisi Çoro və digər yaxın qohumları çoxdan kəndi tərk ediblər. Kənd camaatının soyuq münasibətinə məhəl qoymayan Azat dağılan evi təmir edir, atasının borclarını qaytarır. Bir gün isə Azatın atası Muratın üzündən həbsxanaya düşmüş Çoro kəndə qayıdır. Onların görüşü əsl həqiqəti üzə çıxarır: mərhum atanın oğluna nəyi vəsiyyət etdiyi aydın olur...
Xatırladaq ki, “Atanın vəsiyyəti” iki il öncə Monreal kinofestivalında ən yaxşı debüt filmi nominasiyasında qalib gəlmişdi.
G.MİRMƏMMƏD