Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi-seminarları, treninq və təkmilləşdirmə kursları başa çatıb.
İyunun 12-dək davam edən kurslarda Ağdaş, Qəbələ, Xocalı, Abşeron, Quba və Zaqatala tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər.
Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət seminarlar Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova və bu qurumun əməkdaşları İranə İbrahimova, Pərvin Sadıqova, Sultan Sultanov, Gündüz Məmmədov tərəfindən aparılıb.
Ümumilikdə iyirmi gün davam edən kursların dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məmulatların və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, musiqi alətlərinin, silah nümunələrinin, habelə saatların bərpa-konservasiyası və s. mövzularda ətraflı məlumat verilib.