“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”

Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib.

Tədbiri açan vəkil Alen Tremolyer diqqətə çatdırıb ki, 2008-ci ildə mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb.

Alen Tremolyer “Bakı Prosesi” haqqında daha ətraflı danışmaq üçün sözü Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevə verib.

 

* * *

 

Əbülfəs Qarayev belə mühüm tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna, ölkəmizin Fransadakı səfirliyinə və UNESCO yanında daimi nümayəndəliyinə  təşəkkür edib. Bildirib ki, bu il təkcə “Bakı Prosesi”nin 10 illiyi deyil, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Nazir ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin ta qədimdən sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq dünya ölkələrinin siyasi, mədəniyyət və dini liderlərini bir araya gətirdiyini vurğulayıb.

Qeyd olunub ki, 2008-ci ildə Bakıda Avropa, eləcə də bir sıra İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı Prosesi” təşəbbüsünü irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı “Bakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi və 2011-ci ilin aprel ayında Bakıda ilk Forum keçirildi. Həmin ildən etibarən hər iki ildən bir keçirilən Forumda ümumilikdə 160 ölkədən 6 min dövlət və hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və səfirlər, parlamentlərin üzvləri, diplomatlar, QHT və media nümayəndələri, jurnalistlər, ekspertlər iştirak ediblər.

Mədəniyyət naziri ölkəmizin ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlərdən də söz açıb. O, 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 147 ölkədən 3 min nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, BMT-nin Baş Məclisi “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı qətnaməsi ilə “Bakı Prosesi”ni yüksək qiymətləndirib və onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün mühüm qlobal platforma adlandırıb.

Nazir bu il Azərbaycan hökumətinin digər mühüm beynəlxalq tədbiri – Bakı Beynəlxalq Humanitar Forumunu “Bakı Prosesi” ilə birləşdirmək qərarına gəldiyini bildirib.

Nazir Bakı şəhərinin 2025-ci ildə “Ekspo” Dünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırıb. Qeyd edib ki, universal sərgi dialoq, qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma ola bilər. “Əgər bizə 2025-ci il Dünya Sərgisinə ev sahibliyi etmək imkanı verilərsə, biz ondan bütün xalqlara eyni imkanlar yaradan əsl universal tədbir olması və hər kəsin bəhrələnməsinə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfə verməsinə çalışacağıq”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

 

* * *

 

Sonra BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas çıxış edərək bu prosesə ilk gündən qoşulduğunu bildirib. O, “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb, bu platformanın mədəniyyətlərarası dialoq haqqında düşünən dünyanın bütün ölkələrindən olan böyük şəxsiyyətləri birləşdirdiyini deyib: “Azərbaycan 10 ildir ki, dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, elm xadimlərini, iş adamlarını təcrübələrini bölüşmək, əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu – xalqlar və mədəniyyətlər arasında sülhü təşviq etmək üçün bir araya gətirir”.

Jan-Kristof Bas Azərbaycanın ənənələr, eləcə də müasirlik məkanı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ideyalar məkanıdır. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr bu ölkənin avanqard qabiliyyətini əks etdirir. Azərbaycan 100 il əvvəl müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkədir.

 

* * *

 

“Bakı Prosesi”nin 10 illik yubiley tədbiri konsert proqramı ilə davam edib. Konsertdə azərbaycanlı gənc pianoçu Elçin Şirinovu Andrea Di Biase (bass) və Deyv Hamblet (zərb) müşayiət ediblər. Proqramda milli və xarici musiqilər səsləndirilib.

Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxinə dair fransız dilində nəşrləri, eləcə də milli və klassik musiqimizdən ibarət hazırladığı disklər tədbir iştirakçılarına hədiyyə edilib.