Böyük sənətkarın 120 illiyinə həsr olunmuş təntənəli gecə və beynəlxalq müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi
Təxminən səksən ildir ki, Azərbaycanda bütün təntənəli bayram konsertləri Üzeyir bəyin “Koroğlu” operasının uvertürası ilə başlayır. Konsertin məramından, tədbirin məqsədindən asılı olmadan, toplum olaraq altşüurumuzda artıq müstəqil əsər kimi qavranan bu əsər hər səslənişi ilə ruhumuzu təzələyir...
İyunun 8-də Heydər Əliyev Sarayındakı təntənəli bayram konsertinin açılışında çalınan uvertüranın baş qəhrəmanı isə Bülbül və onun şərəfinə keçirilən beynəlxalq yarışmanın qalibləri idi.
120 yaşına çatdıqda belə adı dillər əzbəri olan, bu diyarda 7-dən 77-dək hər kəsin yaxşı tanıdığı Azərbaycan səhnəsinin əvəzsiz Koroğlusu, SSRİ Xalq artisti, professor, görkəmli xanəndə, tədqiqatçı, Azərbaycan klassik vokal məktəbinin banisi Bülbül. Və münsiflərin seçim rəyinin həyəcanını unutmağa macal tapmadan qələbə sevincini yaşayan, Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin 12 diplomçusu və laureatı. Bu axşam onların axşamı idi!
Budəfəki “Koroğlu” uvertürasının səslənişinin daha bir fərqi onda idi ki, Azərbaycan Dövlət Simfonik Orkestrinə Böyük Bülbülün nəvəsi, Moskva Konservatoriyası nəzdində Akademik Musiqi Məktəbinin tələbəsi 17 yaşlı Murtuza Bülbül dirijorluq edirdi. Bu, yubiley gecəsinin vəd etdiyi sürprizin ilki idi.
Həmin axşam ilk çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan vokal ifaçılığında öz məktəbini yaratmış ölməz Bülbülün həyat və yaradıcılığından söz açdı. Nazir çıxışında “Qafqazın konservatoriyası” adlandırılan Şuşada başlayan sənət yolunun yeniyetmə Murtuzaya Bülbül təxəllüsünü qazandırmasından, bu yolun onu dünya opera sənətinin vətəni İtaliyayadək aparmasından danışdı. 1927-1931-ci illərdə Milan şəhərində təhsil almış Bülbül ömrünün sonuna kimi səhnədən, pedaqoji fəaliyyətdən ayrılmamışdı. Onun təməlini qoyduğu Azərbaycan professional vokal məktəbi neçə-neçə müğənniyə sənət yolunu açıb. Ə.Qarayev 1997-ci ildə Bülbülün 100 illik yubileyinin qeyd olunması münasibətilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamda vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin keçirilməsi barədə xüsusi bəndin olduğunu da diqqətə çatdırdı. Bildirildi ki, builki Bülbül müsabiqəsi isə artıq yeddinci dəfə, böyük müğənninin 120 illik yubiley törəni isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilir. Bildirildi ki, sənətkar sağlığında öz dövrünün ən yüksək fəxri adlarına, orden və medallarına layiq görülüb, vəfatından sonra isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Orta ixtisas musiqi məktəbinə, paytaxtın mərkəzi küçələrindən birinə onun adı verilib, xatirə muzeyi yaradılıb, 115 illiyi münasibətilə paytaxtda abidəsi ucaldılıb, səsi və sənəti isə bütün Bülbül heyranlarının xatirəsində yaşayır.
Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti, professor Sergey Leyferkus çıxışında dahi Bülbülün 120 illik yubiley törəni ilə eyni vaxta təsadüf edən yarışmanı böyük mədəniyyət hadisəsi adlandırdı: “Deyirlər ki, insanı nə qədər ki xatırlayan var, deməli, o yaşayır. Mən əminəm ki, bu gün 120 illik yubileyi qeyd olunan Bülbül də bizim aramızdadır. Bizim qaliblərimiz bu günü heç vaxt unutmayacaqlar. Çünki bu gün onlar Bülbüldən sənət xeyir-duası alırlar. Yeni qələbələrə doğru irəli!”.
* * *
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi başladı.
Qran-pri mükafatına Türkiyə təmsilçisi, bu səs yarışmasının ən gözəl və güclü sopranosu Minə Kurtoğlu layiq görüldü.
Birinci mükafatı Anastasiya Barun (Rusiya) və Georgi Çelidze (Gürcüstan), ikinci mükafatı Mariya Buynosova (Rusiya) və Stanislav Li (Qazaxıstan) paylaşdılar. Üçüncü mükafat isə Elnarə Məmmədova (Azərbaycan), Yuliya Zasimova (Ukrayna) və Umid İsrailova (Özbəkistan) çatdı. Özbəkistan təmsilçisi həm də “Müsabiqənin ən yaxşı tenor iştirakçısı” mükafatını aldı.
Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Kete Sixarulidze (Gürcüstan) müsabiqənin diplomantı adına layiq görüldülər. Finala adlamış Mahir Tağızadə (Azərbaycan) ən gənc vokalçı olaraq “Ümid” xüsusi mükafatına və Varşava Böyük Teatrında ustad dərslərinə dəvət, Rusiya təmsilçisi Elza İslamova isə “Bülbülün repertuarından Azərbaycan bəstəkarının əsərinin ən yaxşı ifasına görə” xüsusi mükafat ilə fərqləndilər.
Birinci və ikinci tur dinləmələrində vokalçıları müşayiət etmiş Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov və Sergey Çeçetko (hər ikisi Rusiya) ən yaxşı müşayiətçi kimi müsabiqənin diplomu ilə mükafatlandırıldılar.
Təqdimatın ardınca müsabiqə qalibləri Xalq artisti, professor Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış etdilər. Beləcə, salonda əyləşmiş hər kəs münsiflərin nə qədər ədalətli seçim etdiyinə qulaq şahidliyi etdi. Gecədə münsiflərdən iki nəfərin – Sergey Leyferkusun və Teymuraz Ququşvilinin səhnədən salona süzülərək qəlbləri riqqətə gətirən mükəmməllik zirvəsi ifalarını dinləmək də bizlərə az zövq yaşatmadı. Belə sənətkarların təmsil olunduğu münsiflər heyəti ədalətsiz qərar çıxara bilməz ki...
* * *
Yubiley gecəsinin proqramı elə tərtib olunmuşdu ki, biz gerçəkdən Bülbülün aramızda olduğunu hiss edirdik. Səhnə perfomanslarının arasında, bölüm keçidlərində səhnədə quraşdırılmış nəhəng ekran bizi Azərbaycan musiqi sənətinin Bülbüllü günlərinə qaytarır, onun yadigar ifalarını, görüntülərini bizə təqdim edirdi.
Xalq artisti Siyavuş Kəriminin müşayiəti ilə Xalq artisti Azər Zeynalov ilə Əməkdar artist Anar Şuşalının “Bülbülə ithaf” popurrisi hər kəsin ən yaxşı musiqili xatirələrini oyatdı. İki lirik tenorun ifasında Bülbülün ilk dəfə aşkar edib, işlədiyi, lentə yazdırdığı xalq mahnı və təsnifləri, ilk ifaçısı olduğu romanslar bir-birini əvəzlədi. Əməkdar artistlər Arzu Əliyeva, Nigar Şabanova, Səbuhi İbayev və Təyyar Bayramovun xanəndə kvarteti olaraq oxuduqları “Qarabağ şikəstəsi” Bülbülün ruhuna əsl töhfə oldu...
Yubiley gecəsinin sonluğunu rəmzi olaraq nəsillərin sənət görüşü də adlandırmaq olardı. Səhnədəki ekranda baba, səhnədə ata, orkestr çökəyində pult arxasında da nəvə... Gecəni Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Bülbül Fondunun prezidenti, Xalq artisti, professor, Polad Bülbüloğlunun ifası səslənmədən təsəvvür etməkmi olardı?
Ömür boyu Azərbaycan musiqisinin elçisi missiyasını şərəflə daşıyan Polad Bülbüloğlu öz çıxışında Bülbül müsabiqəsinin təsis olunmasında ulu öndər Heydər Əliyevin sərəncamını minnətdarlıqla xatırladı. Görkəmli müğənninin 120 illik yubileyinin keçirilməsindən ötrü dövlət başçısı İlham Əliyevə Bülbül ailəsi adından təşəkkürünü bildirdi. Müsabiqənin və yubiley gecəsinin keçirilməsinə görə Mədəniyyət Nazirliyinə və əməyi keçən hər kəsə təşəkkür etdi. Müğənninin bəstəkar-müğənni oğlu dirijor oğlunun idarə etdiyi simfonik orkestrin müşayiəti ilə çıxışı konsertin çox səmimi son bölümü oldu.
Yubiley gecəsi hər zaman Azərbaycan insanını qələbəyə səsləyən, qəlbini qalibiyyət havasına kökləyən “Çənlibel” xorunun ifası ilə başa çatdı. Sənət və həyat cəbhəsindəki, Qarabağ uğrunda müqəddəs savaşımızdakı bütün qələbələr bizim olsun!
Gülcahan MİRMƏMMƏD