İyunun 12-də Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi (MEMM) AMEA-nın Folklor İnstitutu ilə birgə respublikada folklor kollektivlərinin fəaliyyətinə dair regional seminar keçirdi.
Tədbirin məqsədi ölkədə fəaliyyət göstərən folklor kollektivlərinin fəaliyyətini, repertuarlarını nəzərdən keçirmək və bu kollektivlərin bir-birilə ünsiyyət qurmasına şərait yaratmaq idi. Toplantıda sənətşünaslar, folklorçular və elm adamları iştirak edirdilər.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Folklor kollektivləri: problemlər, mülahizələr” mövzusunda məruzə ilə çıxış edərək indiyə kimi MEMM ilə Folklor İnstitutunun bir sıra sanballı layihələr gerçəkləşdirdiyini bildirdi. Qeyd etdi ki, iki qurum arasında birgə əməkdaşlıq çərçivəsində “Qarabağ əfsanələri”, “Qarabağ mifləri”, “Qarabağ lətifələri” çap məhsulları hazırlanaraq ictimaiyyətə təqdim olunub.
MEMM-in direktoru Asif Usubəliyev folklorun cəmiyyətdə rolundan danışaraq mövzunun aktuallığını qeyd etdi, bölgələrimizdə folklor kollektivlərinin sayının artırılmasının vacibliyindən bəhs etdi. Bildirdi ki, əsas hədəf bu kollektivlərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaqdır. Onun sözlərinə görə, hazırda bölgələrdə 15 folklor kollektivi fəaliyyət göstərir ki, amma bu azdır. Sovet dönəmində belə kollektivlərin sayı çox idi və onlar bölgə mədəniyyətinin qorunmasında, gələcəyə çatdırılmasında mühüm rol oynayırdılar. O, Folklor İnstitutu ilə bir sıra tədbirlərin gerçəkləşəcəyindən danışdı.
Seminarda Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Füzuli Bayatın ”Cənub bölgəsində “Halay” folklor qrupu”, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın “Azərbaycanda azsaylı xalqların folklor kollektivlərinin mövcud problemləri”, Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyevin “Folklor irsinin yaranmasında bədii kollektivlərin rolu”, Elmi-Metodik Mərkəzin baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzularında məruzələr dinlənildi.
Tədbirdə Şabran rayonunun Dağbilici kəndinin “Xınayaxdı” folklor kollektivinin rəhbəri Bayram Ağasıyev 30 ildən çox müddətdəki fəaliyyətlərindən, qarşılaşdıqları çətinliklərdən söz açdı.
S.QALİBOĞLU