Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyi münasibətilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılış mərasimi olub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhərin icra başçısı Elmar Vəliyev çıxış edərək görkəmli sənətkarın yaradıcılığından, həyatının Gəncə ilə bağlı dövründən bəhs edib. Qeyd edib ki, Bülbül Şuşada doğulsa da, gənclik illərini Gəncədə keçirib. Buna görə də onun xatirəsi bu şəhər və onun sakinləri üçün daha əzizdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən sevgi və ehtirama görə minnətdarlığını bildirib. Qeyd edib ki, məktəbin yerləşdiyi bir küçəyə Bülbülün adının verilməsi, burada onun barelyefinin açılması çox gözəl təşəbbüsdür. Bu, Bülbül adının daim yaşayacağına, anılacağına və gələcək nəsillər tərəfindən tanınacağına əminlik yaradır.
Barelyefin rəmzi açılışından sonra Xalq artisti Azər Zeynalov və Əməkdar artist Anar Şuşalı vaxtilə Bülbülün repertuarının incilərindən olmuş, Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” romansını ifa ediblər.