ABŞ-da səfərdə olan “Ritm” rəqs qrupunun üzvləri iyunun 7-də Vaşinqtonun mərkəzində - Ağ evin yaxınlığında konsert proqramı ilə çıxış edib. Rəqs qrupu ölkəmizin ABŞ-dakı səfirliyinin dəvəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində iştirak etmək üçün Vaşinqtona gedib.

Silsilə tədbirlər çərçivəsində Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzində konsert proqramı təqdim edilib. Mərkəzin rəsmisi Alison Makkiten konsertdən öncə Cümhuriyyətin 100 illik yubileyi münasibətilə ölkəmizi təbrik edib.

Bir saat davam edən konsert proqramı çərçivəsində Azərbaycanın xalq mahnıları ifa olunub. Musiqiçilər həmçinin ölkəmizin milli rəqslərini ifa edib. Turistlər və şəhərin sakinləri ayaq saxlayaraq Azərbaycan musiqisinin incəliklərindən zövq alıblar. Qrup üzvləri tamaşaçıları səhnəyə dəvət edərək onlarla birlikdə “Yallı” rəqsini ifa ediblər.

“Ritm” rəqs qrupu iyunun 5-də ABŞ-ın əsas tədbirlərinin keçirildiyi Endryu Melon Auditoriyasında Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə də uğurla çıxış edib. Gənc musiqiçilər iyunun 6-da Ağ evin qarşısında qeyri-rəsmi şəkildə nağara ilə Azərbaycan musiqisini ifa ediblər.