Bərdə Regional Mədəniyyət İdarəsində keçirilən müşavirədə idarənin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti müzakirə olunub. Müşavirədə məktəblərin direktorları, şəhər və rayon nümayəndəlikləri üzrə baş məsləhətçilər iştirak edib.
Regional idarənin rəisi İlyas Hacıyev uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətlərinin təşkili istiqamətində qarşıda duran vəzifələr, beynəlxalq və yerli müsabiqə və festivallarda iştirak, təcrübə mübadiləsi və məktəblər arasında əlaqələr, mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə ətraflı danışıb.
Müşavirədə tədris ocaqlarının nailiyyətləri ilə yanaşı, aşkar edilmiş nöqsanlardan da söz açılıb. Musiqi və incəsənət məktəblərində keçirilən imtahan prosesində şagirdlərin bilik və bacarığının obyektiv qiymətləndirilməsi və istedadlarının üzə çıxarılması istiqamətində respublika və beynəlxalq müsabiqə və festivallarda iştirakının təmin edilməsinin vacibliyi vurğulanıb. Bununla bağlı təkliflər dinlənilib, müvafiq tapşırıqlar verilib.