Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən yerli dekorativ-tətbiqi sənət ustalarının əl işlərinin sərgiləri davam etdirilir. Xaçmaz Dövlət Rəsm Qalereyasında rayondakı Heydər Əliyev Mərkəzinin direktoru, dekorativ toxuma ustası Könül Əsgərovanın əl işlərindən ibarət sərgi açılıb.
Regional idarənin rəisi Nazim Ağayev bildirib ki, sərgilərin keçirilməsində məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir. O, regional idarə tərəfindən bu məqsədlə xüsusi layihə hazırlandığını diqqətə çatdırıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov belə tədbirlərin sənətkarların fəaliyyətinə stimul olduğunu vurğulayıb, K.Əsgərovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda dekorativ toxuma ustasına regional idarənin fəxri fərmanı və hədiyyə təqdim edilib, sərgiyə baxış keçirilib.