Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Parisdə UNESCO-nun baş qərargahında qurumun baş direktorunun kommunikasiya və informasiya üzrə yeni təyin olunmuş müavini Moez Şakşuk ilə görüşüb.
Görüşdə UNESCO-nun “Hamı üçün informasiya” Proqramı (İFAP) çərçivəsində elektron hökumət, informasiya cəmiyyəti, zorakı ekstremizmə qarşı mübarizə sahələrində əməkdaşlıqdan söhbət açılıb. Anar Kərimov bildirib ki, ötən il Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan hökumətinin dəstəyi ilə İFAP-ın gənclərin radikallaşmasına qarşı mübarizə yollarının müzakirəsinə dair ayrıca paneli təşkil olunub.
Görüşdə, həmçinin yazılı irsin qorunması və saxlanmasında mühüm rol oynayan UNESCO-nun “Dünya Yaddaşı” Proqramı üzərində gedən islahat prosesi üzrə fikir mübadiləsi aparılıb. Təşkilatın “YouthMobile” təşəbbüsü çərçivəsində Azərbaycanın gənc mütəxəssisləri üçün mobil tətbiqlərin yaradılması üzrə təlimlərin keçirilməsinə dair müzakirə olub.
Moez Şakşuk qeyd olunan məsələlərlə bağlı UNESCO-ya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Bildirib ki, Azərbaycan bu sahədə öz müsbət təcrübəsini digər ölkələrlə bölüşə bilər.
A.Kərimov M.Şakşuku ölkəmizə səfərə dəvət edib, ona Heydər Əliyev Fondunun ölkəmizin tarixinə və mədəniyyətinə dair fransız dilində nəşrlərini hədiyyə edib.