Parisdə Bakının “Ekspo 2025” Dünya Sərgisinə namizədliyinin təqdimatı olub
İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.
Sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.
Baş nazir çıxışında vurğulayıb ki, Bakının namizədliyi hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəklənir. Bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.
Bakının “Ekspo 2025”ə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Novruz Məmmədov deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq. Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir. Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. Dünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik”.
Vurğulanıb ki, “Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır.
Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Əminik ki, Bakı Dünya Sərgisi üçün ən yaxşı şəhərdir.
Sonra Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.
“Bakı Ekspo 2025” işçi qrupunun üzvü Məryəm Qafarzadə Bakı şəhərinin seçdiyi mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Ekspo” kəndi salınacaq.
Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Dünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.
Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Dünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.
* * *
Azərbaycanın Baş naziri Novruz Məmmədov 163-cü sessiya çərçivəsində Beynəlxalq Sərgilər Bürosunun prezidenti Stin Kristensen, baş katibi Visente Lossertales, baş katibin müavini Dmitri Kerkentzes, Bürodakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Baş nazir Fransanın M6 və Euronews televiziya kanallarına müsahibə verib.