Cümhuriyyətin yubileyinə ithaf edilmiş və elə yüzilliyə yaraşan tamaşa
Zəmanə elə gətirib ki, bu gün hətta dünya miqyasında klassik ənənələrə söykənən yeni balet əsərinin səhnəyə vəsiqə alması nadir sənət hadisəsi sayılır. Bu baxımdan başa çatmaqda olan teatr mövsümünü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün zəngin il hesab etmək olar. Bir mövsümdə iki yeni baletin (fevralın əvvəlində Qara Qarayev və Fərəc Qarayevin “Qoyya” baletinin premyerası olmuşdu) repertuara daxil edilməsi yaradıcı kollektivin uğurudur.
Nə vaxtdan bəri söhbəti gəzən “Cavad xan” baletinin ilk tamaşası iyunun 9-da baş tutdu.
Səhnə əsərinin qəhrəmanı iki əsrdən çox mərhələli şəkildə davam etmiş milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizəmizin əfsanəvi rəmzlərindən olan Cavad xandır.
Əvvəlcə musiqi haqqında. “Cavad xan” Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun ilk baleti olsa da, bəstəkarın tarixi mövzuda yazdığı növbəti irihəcmli əsəridir. Baletin musiqi kanvası sırf qəhrəmanlıq duyğusu, himn və marş ruhu üzərində qurulduğundan əfsanələşsə də, Cavad xan obrazının, əsərin bəhs etdiyi mübarizə tarixinin səhnə həllinə birbaşa yol açır.
Əsərin librettosu (müəllif - Əjdər Ulduz) da musiqini tamamladığından tamaşa bir nəfəsdə dinlənilir və baxılır.
“Cavad xan” baleti Xalq artisti, son zamanlarda Azərbaycan səhnəsinin ən parlaq balerinalarından olmuş Kamilla Hüseynovanın xoreoqraf kimi ilk müstəqil böyük səhnə quruluşudur. Artıq ilk səhnələrdən - imperator I Aleksandrın sarayında Qafqazın fəthinə həsr olunmuş saray balından tamaşaçı hiss edir ki, onu maraqlı tamaşa gözləyir. Knyaz Sisyanov (Əməkdar atrist Samir Səmədov) gürcü knyaginyasını (Ayan Eyvazova) I Aleksandra (Əməkdar artist Makar Ferştandt) fəth olunmuş Qafqazın rəmzi kimi təqdim edərkən iki qalib kişinin görkəmindəki, jest və hərəkətlərindəki qələbə ədası ilə məğlub qadının rəqsində hüzn elə dəqiqliklə çatdırıldı ki, tamaşanı başa düşmək üçün əsərdə bəhs edilən tarixi olayı bilməyə ehtiyac qalmadı. Sonrakı səhnələrdə, xüsusilə iki planda işlənmiş – həm nazik pərdə ilə yaradılan ön və arxa plan hadisələrinin effekti, həm də səhnənin sanki tən ortadan bölünərək Gəncəyə imperator qoşununun yürüşü zamanı iki tərəfdə baş verən hadisələrin eyni vaxtda təsviri Kamilla Hüseynovanın birpərdəli baletin yığcam zaman çərçivəsində rəqsin dili ilə daha çox söz demək, daha dərin mətləbləri çatdırmaq bacarığını üzə çıxardı. Gəncə müdafiəçiləri ilə Sisyanovun qoşunu arasındakı döyüş səhnəsinin həlli də uğurla tapılmışdı. Xan arvadı obrazını canlandıran Əməkdar artist Nigar İbrahimovanın torpaq uğrunda iki oğlunu şəhid versə də, balalarının nəşi üzərində ağını çox emosional şəkildə çatdırmaqla yanaşı, Cavad xana (Xalq artisti Gülağası Mirzəyev) layiq həyat yoldaşı, xan zövcəsi kimi qürurlu davranışı da diqqətimizdən yayınmadı. Cavad xanın öz ailə üzvləri ilə birlikdə adajiosu isə hətta baletdən ayrıca, konsertdə, müsabiqədə ifa ediləcək rəqs nömrəsi kimi də maraqlıdır. Gəlin, razılaşaq ki, müasir dövrdə bəstələnən və tamaşaya qoyulan balet əsərlərində belə adajiolara (bir, iki və ya daha çox solistin ifasında müstəqil, yaxud mürəkkəb musiqili-xoreoqrafik formalı rəqs nömrəsinin mərkəzi hissəsi) az rast gəlinir.
Tamaşanın səhnəqrafiyasına gəlincə, tarixi mövzunu bitkin tamamlayan arxa fonda dəyişən şəkillərdən istifadə uğurlu tapıntıdır, personajların geyimi öz dövrünü tam əks etdirirdi. Quruluşçu rəssam Dövlət mükafatı laureatı, Xalq rəssamı Rafiz İsmayılovun tamaşa üçün seçdiyi qara-qırmızı fon, istər saray əyanları, rus zabitləri, istərsə də xan ailəsi və Gəncə əhalisinin libası üçün seçilmiş rənglər tamaşanın bədii həllini tamamlayırdı. Sadəcə, bəzi ifaçıların görkəmində xırda bir uyarsızlığı vurğulamaq istəyirik. Çar Rusiyasının istər saray əyanları, istərsə də döyüşən ordu zabitləri üçün yazılmamış qayda olub: rus zabiti mütləq bığ saxlamalı idi. Tamaşada isə bu xırda məqam diqqətdən qaçıb. Təbii ki, növbəti tamaşalarda bunu aradan qaldırmaq mümkündür.
Opera və balet tamaşaları haqqında yazılarımızda adətən musiqinin səslənişi, orkestrin ifası və dirijorun idarəsi barədə fikirləri yazının sonuna, teatr dili ilə desək, finala saxlayırıq. Çünki tamaşa barədə qeydlərimizin necəliyindən asılı olmayaraq onu major notlarla bitirməyə meyllilyik. Teatrın baş dirijoru, Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərlik etdiyi orkestr bu tamaşada da bəstəkarın öz əsərinin səslənişində gözlədiyi qüsursuz ifanı təqdim etdi, əsərin dramatizminin tam çatdırıldığını biz də eşitdik. Qulaqlarımızın aldığı səs zövqü, salon dolusu teatrsevərlərin alqışları da sübuta yetirdi ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf edilmiş bu maraqlı və sanballı, elə yüzilliyə yaraşan tamaşanı dinləyib seyr etmişik.
Gülcahan MİRMƏMMƏD