Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.
Ekspedisiyaya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı Lorenzo de Medici Beynəlxalq İtaliya İnstitutunun dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Lanerin rəhbərlik edirlər.
AMEA-dan bildirilib ki, tədqiqatın əsas obyekti İlk Tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.
Ekspedisiyada Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransadan olan mütəxəssislər də iştirak edirlər.
Ötən il Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CAMNES arasında Azərbaycanın bir sıra qərb rayonlarında Tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinib. Bu ilin martında Florensiyada gerçəkləşmiş “Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri” adlı beynəlxalq elmi konfransdan sonra ölkəmizdə arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası üzvlərinin toplantısı keçirilib. Beynəlxalq ekspedisiya tərəfindən Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntılardan götürüləcək nümunələrin dünyanın qabaqcıl laboratoriyalarında analizi və alınmış nəticələrin nüfuzlu elmi nəşrlərdə dərc edilməsi nəzərdə tutulub.