Nazir Əbülfəs Qarayev “Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018” mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş nümayəndə heyətləri ilə görüşüb
İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşdü.
Qonağı salamlayan nazir son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışdı. Diqqətə çatdırdı ki, Azərbaycan təşkilatda öz mövqeyi ilə seçilən üzvlər sırasındadır. Buna səbəb isə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrə, o cümlədən mədəni əməkdaşlığa xüsusi önəm verməsidir. İSESCO üzrə Azərbaycan Milli Komissiyası da öz növbəsində bu münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfəsini əsirgəmir.
Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunduğunu xatırladaraq bununla bağlı görülən işlər haqqında danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb, tədbirlər planı təsdiqlənib və icrasına başlanılıb. Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini qeyd edən Əbülfəs Qarayev Naxçıvanın tarixi irsi, memarlıq abidələri ilə zəngin məkan olduğunu dedi.
Vurğulandı ki, iyunun 20-də Naxçıvan şəhərində “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimində iştirak üçün ölkəmizə çoxsaylı mötəbər qonaqların, o cümlədən TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin nümayəndə heyətlərinin gəlməsi Azərbaycana göstərilən diqqətin nümunəsidir. Nazir İSESCO-nun bir tərəfdaş qurum kimi bu əlamətdar hadisənin beynəlxalq miqyasda təbliğində fəal rolunu diqqətə çatdırdı.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, İSESCO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusi vurğuladı.
Görüş qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdi.
* * *
Mədəniyyət naziri həmin gün ölkəmizdə səfərdə olan özbəkistanlı həmkarı Bəxtiyar Seyfullayevlə görüşdü.
Əbülfəs Qarayev “Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018” mərasimində iştirakla bağlı dəvəti qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirdi. Nazir Azərbaycanın regionları ilə tanışlığın nümayəndə heyətində ölkəmiz haqqında, onun sosial-iqtisadi və mədəni inkişafı barədə dolğun təəssürat yaradacağına ümidvar olduğunu dedi: “Biz indi əlaqələrimizin inkişafında yeni bir mərhələyə qədəm qoymuşuq. Xalqlarımızı birləşdirən qədim tarixi köklər hər zaman bu münasibətlərin dinamik inkişafını təmin edib”.
Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı tədbirlərə dəvətə və səmimi qəbula görə təşəkkür edərək dedi ki, Özbəkistan beynəlxalq təşkilatlarla, müxtəlif dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır.
Əbülfəs Qarayev Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, İSESCO və TÜRKSOY-la gerçəkləşdirilən birgə layihələr haqqında qonağa məlumat verdi.
* * *
İyunun 19-da nazirlikdə “Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018” mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş Tacikistanın mədəniyyət naziri Şəmsəddin Şodibekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
Əbülfəs Qarayev qonaqlara tədbir haqqında məlumat verdi. Bildirdi ki, Naxçıvan Azərbaycanın qədim məskənlərindən biri olmaqla bərabər, həm də özündə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini əks etdirir: “Tacikistanın da belə bir tədbirdə bizimlə birlikdə olması Azərbaycan dövlətinə qarşı hörmətinin, aramızdakı dostluğun təzahürüdür. İnanırıq ki, bu səfərinizdən məmnun qalacaq, Azərbaycan mədəniyyəti ilə daha da yaxından tanış olmaq imkanı qazanacaqsınız”.
Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Solinin aktiv fəaliyyətini qeyd edən nazir ona mədəniyyət sahəsinə diqqətinə görə minnətdarlığını bildirdi. Vurğuladı ki, ölkə başçılarımızın birgə səyləri və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün daha da geniş imkanlar yaradır.
Tacikistanın mədəniyyət naziri Şəmsəddin Şodibek qəbula görə minnətdarlığını bildirərək dedi ki, özlərini Azərbaycanda qonaq deyil, evlərindəki kimi hiss edirlər.
Tacikistanda keçirilən yerli və beynəlxalq mədəni layihələr haqqında məlumat verən nazir ölkəsinin ev sahibliyi etdiyi muğam festivallarında Azərbaycan xanəndələrinin mütəmadi iştirakını yüksək dəyərləndirdi. Bildirdi ki, dostluq zəminində inkişaf edən münasibətlər bundan sonra da davamlı olacaq.
Ş.Şodibek Azərbaycana səfərləri zamanı “Atəşgah məbədi” qoruğu və Heydər Əliyev Mərkəzini ziyarət etdiklərini diqqətə çatdıraraq bildirdi ki, xalqlarımız arasında tarixi köklər, musiqi və sənət sahəsindəki oxşarlıqlar onları bir-birinə daha yaxın edir.
Görüş zamanı iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
* * *
“Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirdə iştirak üçün bizə göndərdiyi dəvəti məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı əlaqələrin qurulması üçün olduqca vacibdir”.
Bu sözləri Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi nazir Əbülfəs Qarayevlə görüşündə bildirdi.
Əbülfəs Qarayev əlcəzairli həmkarına dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirərək qeyd etdi ki, nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür, xalqımız bu il ilk Cümhuriyyətinin 100 illiyini qeyd edir.
Qonaq öz növbəsində dedi ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, daha çox ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər haqqında bilgilərə malikdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq əlavə etdi ki, ölkəmizə gəlişinin bir səbəbi də bu mötəbər tarixi hadisədir. Qonaq nazir səfərin məhsuldar olacağına, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycanın mədəniyyət sahəsində uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında həmkarını məlumatlandıran Əbülfəs Qarayev qeyd etdi ki, səfər bundan sonrakı əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Nazir Azərbaycanla Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını da diqqətə çatdırdı.
Görüş qarşılıqlı əlaqələrin perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.
LALƏ