İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu tərəfindən “Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Cümhuriyyətin 100 illiyinə həsr olunan tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 1918-ci il mayın 28-də müstəqilliyin qazanılmasında Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin xidmətlərinin olduğunu deyib, xalqın maariflənməsində tanınmış ziyalıların rolundan bəhs edib.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində” mövzusunda məruzəsi dinlənilib. O, müstəqillik dövründə mədəniyyət və incəsənətimizdə milli oyanışın təzahürlərindən söz açıb.
Tədbirdə, həmçinin xarici ölkə təmsilçiləri, o cümlədən Kanadadan Polina Desyatniçenko, Özbəkistandan Fazilat Kadırov və Dilfuza Cumaniyazova, Rusiyadan Timofey Kovalenko çıxış ediblər. “Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti”, “Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov”, “Təsviri sənətdə Cümhuriyyət” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Daha sonra Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin “Azərbaycan türk el nəğmələri” nəşri əsasında hazırlanan “Fortepiano işləmələri” əlyazma toplusunun təqdimatı olub. Sənətşünaslıq doktoru İradə Köçərli toplu haqqında məlumat verib.
Tədbir bədii hissə ilə davam edib.