Öz doğma ölkəsinin hüdudlarından kənarda yaradıcılıqla məşğul olan Sankt-Peterburqun dörd sakini “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Bu fikir “Rossiyskaya qazeta”da dərc olunmuş “Ən yaxşılar layiq görülüb” sərlövhəli məqalədə vurğulanır.
Müəllif Olqa Ştraus qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin mayın 27-də - Respublika Günü ərəfəsində imzaladığı sərəncama əsasən, Peterburq Mariinsk Teatrının solisti, metso-soprano Regina Rüstəmova, teatrın balet truppasında aparıcı rolların ifaçısı Timur Əsgərov, Sankt-Peterburq Caz Filarmoniyasının solisti, gitaraçı Həsən Bağırov və Yelena Obraztsova, Beynəlxalq Musiqi Akademiyasının solisti Elnarə Məmmədova fəxri ada layiq görülüblər.
Bu artistlərin hər birinin maraqlı yaradıcılıq yolu, tərcümeyi-halı var. Məsələn, Həsən Bağırov 1967-ci ildə bu şəhərdə doğulub, Sankt-Peterburq Xor Kapellasının nəzdində Xor Məktəbində və Musorqski adına məktəbdə təhsil alıb. O, “Sekret” rok-teatrında da fəaliyyət göstərib və bir çox beynəlxalq müsabiqələrin qalibi olub. H.Bağırov uzun müddətdir caz multiinstrumentalisti və bəstəkarı David Qoloşekinlə sıx əməkdaşlıq edir və hazırda Sankt-Peterburqun aparıcı caz ustalarından biri, bossa-novanın təkrarolunmaz ifaçısı və Co Pass üslubunda orijinal bəstəkar kimi tanınır.
On iki ildən çoxdur məşhur Mariinsk teatrının səhnəsində çıxış edən Regina Rüstəmova isə Azərbaycan vətəndaşıdır. Bakı Xoreoqrafiya Məktəbinin məzunu Timur Əsgərov Sankt-Peterburqda balet ustasıdır. Elnarə Məmmədova da öz yaradıcılığına Bakıda başlayıb.
Lakin onların hamısını öz doğma ölkələrinə sevgi və minnətdarlıq hissi, Rusiya və Azərbaycanın mədəni həyatında fəal iştirak etmək arzusu birləşdirir.
Məqalə müəllifi hazırda Bakıda qastrol səfərində olan Elnarə Məmmədovaya telefonla zəng edə bilmədiyini, Həsən Bağırovun isə oktyabrda Bakı Beynəlxalq Caz Festivalında iştirak edəcəyini diqqətə çatdırır.
Fəxri ad alan Həsən Bağırov deyir: “Mən fəxr edirəm və sevinirəm. Əlbəttə, hər şeydən əvvəl Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına təşəkkürümü çatdırmaq istəyirəm. Bəli, mən Sankt-Peterburqda doğulmuşam, Rusiya vətəndaşıyam, amma daha çox xoşdur ki, tarixi vətəndə öz həmvətənlərini unutmurlar”.
Regina Rüstəmova isə qeyd edir: “Çıxış etdiyim bütün tamaşaların proqramlarında bu fəxri adın yer alacağı mənim üçün çox vacibdir”. Onun sevimli partiyası isə Karmendir, məhz “Karmen” Reginanı opera sənətinin zirvələrinə aparan yaradıcılıq yolunun başlanğıcı olub.
“Azərbaycanın Əməkdar artisti adının verilməsi mənim üçün böyük şərəfdir”, - deyə Regina qeyd edir. Əlbəttə, bu, gələcək fəaliyyətimiz, daha yüksək zirvələri fəth etməyimiz üçün mühüm təkan olacaq.
Timur Əsgərov da yüksək mükafatların gətirdiyi məsuliyyətdən söz açır. “Balet” jurnalında onun rəqsi haqqında yazılıb: “Yüngül tullanışla sanki göylərdə uçan rəqqas elastik-yumşaq fırlanma texnikasına, mürəkkəb keçidlərin aydın ifadəsinə, mənalı hərəkətlərə malikdir. Onun cəsarətli rəqsi artistizm və incə nüanslarla zəngindir. Bütün bunlarla yanaşı, onun yaraşıqlı olması da az əhəmiyyət kəsb etmir”. Balet artisti bildirir ki, sevimli partiyalarını seçməkdə çətinlik çəkir: o, obrazın xarakterini üzə çıxaran dramatik süjetlərə üstünlük versə də, bütün rollarını sevir. Onun repertuarında Şərq koloriti olan “Məhəbbət əfsanəsi”, “Şurale”, “Xəyalların yolu ilə” baletləri xüsusi yer tutur.
Azərbaycanın Sankt-Peterburqda baş konsulu Sultan Qasımovun sözlərinə görə, hazırda Sankt-Peterburqda yaşayan 400 minə yaxın azərbaycanlı şəhər həyatının müxtəlif sahələrində - sahibkarlıq və elm, təhsil və inşaatda çalışır. Lakin yüksək incəsənət – musiqi, opera, balet, insani və dövlətlərarası münasibətlərdə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu sahə insanları dil maneəsi olmadan birləşdirir, bir şəxsiyyətin ən yaxşı xüsusiyyətlərini – istedad, gərgin əmək, dinləyicilər və tamaşaçılarla qarşılıqlı anlaşma keyfiyyətlərini önə çıxarır.