İranlı rejissorun məşhur ekran əsəri Bakıda göstərildi
İyunun 28-də Nizami Kino Mərkəzində tanınmış İran kinorejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş olundu. İran mədəniyyəti günləri çərçivəsində keçirilən təqdimatdan öncə rejissor jurnalistlərlə görüşüb onları maraqlandıran sualları cavablandırdı.
Məcid Məcidi bildirdi ki, bu, Bakıya ilk səfərimdir və çox şadam ki, belə bir tədbir çərçivəsində görüşümüz təşkil edilib: “Bu gün Bakıda nümayiş olunan “Məhəmməd: Allahın elçisi” bədii filmi 7 il müddətində ərsəyə gəlib. Filmi ərsəyə gətirəndə hədəfim o idi ki, dünyanın bütün nöqtələrində nümayiş olunsun və İslam dininin əsl simasını dünyaya tanıda bilək. İslam haqqında dünyada yanlış təsəvvürlər yaranıb, İslam fədakarlıq və gözəllik dinidir”.
Rejissor filmin yaranma ideyası, dünya kinosunun inkişafı, İran kinosunun dünya kinematoqrafiyasında mövqeyi, Azərbaycan və İran kinematoqrafçılarının əməkdaşlığının perspektivləri barədə jurnalistlərin suallarını cavablandırdı. Bu barədə növbəti sayımızda ətraflı bəhs edəcəyik.
Sonra filmin təqdimatı keçirildi.
* * *
Mərasimdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək İran kinosunun yeniliklərindən söz açdı. Bildirdi ki, İran kinosu həyatın özünü kino sənətinə gətirməklə bizi həyata daha geniş gözlə baxmağa vadar edir.
İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, birgə film istehsalı iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi üçün münasib sahələrdəndir. Vurğulandı ki, azərbaycanlı kino mütəxəssisləri mütəmadi olaraq İranda keçirilən film festivallarında iştirak edirlər. Azərbaycanda İran mədəniyyəti günləri ərəfəsində iki ölkə arasında birgə film istehsalına start verilib. Azərbaycanda “Eşq qalası” adı ilə ekrana çıxacaq filmin rejissoru İlham Qasımov, prodüseri Şəhab Rəzəviyan olacaq.
Təqdimatda rejissor Məcid Məcidi də çıxış edərək filmin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, ekran işi Məhəmməd peyğəmbər haqqında bu günə qədər çəkilmiş ikinci filmdir.
Daha sonra film nümayiş olundu. Ekran əsəri İran kino tarixinin ən böyük büdcəli filmi hesab edilir. 30 milyon dollara başa gələn 171 dəqiqəlik film Həzrət Məhəmmədin 12 yaşınadək həyatından və o dövrdə Məkkədə cərəyan edən hadisələrdən bəhs edir. Filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storarodur. Musiqiləri tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.
* * *
İyunun 28-də axşam Azərbaycan Dövlət Musiqili Teatrında İran mədəniyyəti günləri çərçivəsində Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş etdirilib. Tamaşanı Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi, iki ölkənin mədəniyyət xadimləri, sənətsevərlər izləyib.
Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadim Əliqismət Lalayev və İranın mədəniyyət və islam irşad nazirinin müavini Seyid Moctəba Hüseyni çıxış ediblər.
Qeyd olunub ki, Titovak Teatrı ilk dəfə Azərbaycanda bu ilin may ayında “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində U.Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanmış “Maqbet-Zar” tamaşası ilə çıxış edib.
İran mədəniyyəti günləri iyunun 29-da Gəncə şəhərində davam edəcək.
LALƏ