Nazir Əbülfəs Qarayev Qəbələdə vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyunun 22-də Qəbələ şəhərində gerçəkləşdi.
Nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul etdi.
Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Sonra nazir Mədəniyyət Mərkəzi ilə tanış oldu.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.
Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
İsmayıllı sakinlərinin müraciətləri rayonda mədəniyyət işçiləri üçün kurort-sanatoriyanın tikilməsi, Lahıc folklor qrupuna “Xalq kollektivi” adının verilməsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların sənətkarlarının və folklor qruplarının xarici ölkələrə səfərlərinin təşkili, Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi və ya mövcud binanın regional idarənin balansına verilməsi, Diyallı kənd Yaradıcılıq evinin damörtüyünün təmir olunması və başqa məsələlər barədə idi.
Qəbələdən qəbula yazılan vətəndaşların tanınmış yazıçı və şairlərlə görüşlərin təşkili, kitabxanalara uşaqlar üçün intellektual oyunlara aid elektron nəşrlərin alınması, Xalq teatrının repertuarına uyğun səhnə əsərlərinin çap olunması, Heydər Əliyev Mərkəzinin fondunun zənginləşdirilməsi, İncəsənət məktəbində skripka sinfinin açılması barədə müraciətləri oldu.
Ağsu sakinləri Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə tədris proqramına təkliflərini, rayon ərazisindəki tarixi abidələrin bərpa olunması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
Qobustan sakinləri rayonun Nərimankənd adlanan hissəsində eramızdan əvvəlki dövrə aid olan mağaralara inventar nömrəsinin verilməsi, folklor qruplarına peşəkar mütəxəssislər tərəfindən köməklik göstərilməsi barədə müraciət etdilər.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.
Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir Əbülfəs Qarayev ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırdı: “Bildiyiniz kimi, hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll olunur. Sakinlər tərəfindən maraqlı təkliflər, müraciətlər səsləndirilir. Belə görüşlər ümumi işimizə, fəaliyyətimizə öz təsirini göstərir”.
Nazir bildirdi ki, budəfəki görüşdə də bir sıra önəmli məsələlərlə bağlı müraciətlər oldu: “Mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin artırılması, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər diqqətə çatdırıldı. Daxil olan təkliflər daha çox işin təkmilləşdirilməsinə yönəlib. Müasir texnologiyaların tətbiqi, müasir üslubda tədbirlərin təşkili ilə bağlı dəyərli fikirlər səsləndirildi. Bu təklifləri diqqətdə saxlayacağıq. Eyni zamanda işlə təmin olunma, keçirilən islahatlar, mədəniyyət müəssisələrində aparılan optimallaşdırma ilə bağlı suallar da oldu. Bu məsələlər də müvafiq qaydada nəzərdən keçiriləcək”.
Vurğulandı ki, Mədəniyyət Nazirliyinin yeni strukturu çərçivəsində fəaliyyət göstərəcək müəssisələr ölkəmizin müasir inkişaf istiqamətlərini özündə ehtiva edən, qabaqcıl təcrübəyə əsaslanan formada və yeni üslublarla öz işini təqdim edəcək.
Fariz HÜSEYNOV