Bəhreyn Krallığının paytaxtı Manama şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, eləcə də milli ekspertlər Rizvan Bayramov və Rəşad Allahverdiyev təmsil edirlər.
Sessiyanın gündəliyinə 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, Dünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, irs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi və digər məsələlərin müzakirəsi daxildir.
Qeyd edək ki, Azərbaycan ötən il Dünya İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik edib və cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı komitə üzvlərinə təqdim edib.
Komitə öz işini 4 iyul tarixinədək davam etdirəcək.
Azərbaycan hazırda sözügedən komitənin vitse-prezidentidir.