Tanınmış televiziya operatoru, hərbi operator, Qarabağ müharibəsi veteranı Seyidağa Mövsümlü iyunun 25-də, 64 yaşında vəfat edib.

Azərbaycan Mətbuat Şurası Seyidağa Mövsümlünün vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda bildirilir ki, uzun müddət Azərbaycan Televiziyasında çalışmış S.Mövsümlü jurnalistikamızda dərin iz qoyub. Xalqımız 20 Yanvar faciəsinin, Qarabağ müharibəsinin ağrı-acılarını onun telekamerasının yaddaşından izləyib.

S.Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 80-ci illərdə Moskvada Ümumittifaq Teleradio İnstitutunda təhsil alıb. Tamaşaçıların sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.

S.Mövsümlü Xocalı soyqırımını, Qarabağ müharibəsinin döyüşlərini lentə alan ilk operatorlarımızdandır. 1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator işləyib, qanlı-qadalı döyüşləri lentə alarkən iki dəfə yaralanıb. 2002-ci ildə ordudan tərxis olunub. 

“Onun həyat qayəsi Vətənə sevgidən yoğurulmuş peşəkarlıq nümunəsidir. Ömrünün 64-cü ilində haqq dünyasına qovuşmuş S.Mövsümlünün yoxluğu bütövlükdə Azərbaycanın media ictimaiyyəti üçün böyük itkidir”, – deyə nekroloqda vurğulanır.

Azərbaycan Mətbuat Şurası Seyidağa Mövsümlünün vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.