İyunun 28-də Gəncə şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı olub.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri konfrans Heydər Əliyev Mərkəzində keçirilir.
Konfransa 20 ölkədən tarixçi alimlər qatılıb.
Konfransdan əvvəl AMEA-nın Tarix İnstitutunun nəşrlərinin sərgisi nümayiş olunub.
Qeyd edək ki, üç gün davam edəcək konfransın bölmə iclasları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi tarixi binada – Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında və AMEA-nın Gəncə Bölməsində keçiriləcək.
Elmi-praktik konfrans çərçivəsində Gəncənin tarixi və mədəniyyət mərkəzləri ilə tanışlıq, Göygöl Milli Parkına səyahət və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında geniş konsert proqramının təşkili də nəzərdə tutulur.