Türkiyənin Şanlıurfa bölgəsindəki Göbeklitəpə arxeoloji sahəsi Dünya İrs Komitəsinin Bəhreyndə keçirilən sessiyasında UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Bununla Türkiyənin sözügedən siyahıda yer alan tarixi-mədəni məkanlarının sayı 18-ə çatıb.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2011-ci ildən bu yana UNESCO-nun “Müvəqqəti İrs Siyahısı”nda yer alan Göbeklitəpə arxeoloji sahəsi Yuxarı Mesopotamiya bölgəsində dünyanın ən qədim belə məkanlarından biridir və tarixi eramızdan 11 min il əvvələ qədər uzanır.
Bir çox beynəlxalq qurum və təşkilat tərəfindən “Dünyanın ən qədim məbədi” kimi qəbul edilən Göbeklitəpənin UNESCO-nun siyahısına salınması alim və tədqiqatçılar, yerli və xarici turistlər tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, Şanlıurfa şəhərindən 18 km məsafədə yerləşən və ilk dəfə 1963-cü ildə İstanbul və Çikaqo universitetləri tədqiqatçıları tərəfindən müəyyən edilən məbəddə arxeoloji qazıntılar 50 ildən çoxdur davam edir. Burada Neolit dövrünə aid, çəkiləri 40-60 ton olan, vəhşi heyvan fiqurlu və “T” hərfi şəklində daşlar tapılıb. Qazıntılarda həmçinin 8-30 metr diametrində dairəvi və düzbucaq formasında dünyanın ən qədim məbəd qalıqları və təxminən 12 min il əvvələ aid olduğu bildirilən 65 santimetr uzunluğunda insan heykəli və s. gün üzünə çıxarılıb.
Mehparə SULTANOVA
Ankara