Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ölkəmizin cənub bölgəsinin mədəniyyət müəssisələrinə, özfəaliyyət dram kollektivlərinə və xalq teatrlarına hamilik köməyi göstərir.
Teatrın hamilik köməyi sayəsində Cəlilabad rayon Mədəniyyət mərkəzinin Xalq teatrı 5 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib, həvəskar artistlərin ifasında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanıb.
Lənkəran Dövlət Dram Teatrı ilə Biləsuvar Regional Mədəniyyət İdarəsi arasında imzalanmış niyyət sazişinə müvafiq olaraq, teatr idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin özfəaliyyət teatr kollektivlərinə yaradıcı və texniki dəstək göstərməyi öhdəsinə götürüb.
Lənkəranlı sənətçilərin hamiliyi ilə Biləsuvar Mədəniyyət mərkəzinin özfəaliyyət teatr kollektivinin həvəskar aktyorlarının təqdimatında “Nəsimi” tamaşası oynanılıb, tamaşa üçün lazım olan texniki kömək göstərilib.
Bu günlərdə teatrın yaradıcı heyəti Astara rayon Mədəniyyət mərkəzində keçirilən seminarda iştirak edərək, yerli özfəaliyyət teatr kollektivləri üçün tamaşanın hazırlanma prosesi, o cümlədən rol bölgüsü, rol üzərində iş, səhnənin bədii tərtibatı, işıq-kölgə effektlərinin istifadə olunma xüsusiyyətləri, afişa və proqramların hazırlanması mövzularında metodiki söhbətlər aparıb.
Sonra teatrın truppasının ifasında yazıçı Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası oynanılıb.