Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planına uyğun olaraq məşhur ispan yazıçısı Migel de Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanovdır.

Yeni səhnə əsərində əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev rol alıb.