Mədəniyyət nazirinin müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi səyyar seminar-treninqləri davam etdirir.
Mərkəzin Milli Kitabxana ilə birlikdə təşkil etdiyi növbəti tədbir iyulun 3-də Bərdədə başlayıb. İyulun 7-dək davam edəcək “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda səyyar seminar-treninqə Bərdə, Tərtər rayonları, Yevlax və Mingəçevir şəhərlərinin mərkəzləşdirilmiş kitabxana sistemləri və filialların işçiləri cəlb olunub.
Mərkəzin direktoru Ramazan Şabanov seminar-treninqi açıq elan edib. Açılışda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, mərkəzin əməkdaşları iştirak ediblər.
40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqə əhatə olunan rayon və şəhərlər üzrə 64 nəfər kitabxana işçisi qatılıb. Treninq kitabxana işi haqqında müvafiq qanunvericilik, normativ sənədlər, informasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların yeri və rolu, elektron kitabxana və elektron kataloqların yaradılması, kitabxana xidmətinin məzmunu və əsas vəzifələri, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (ALİSA) proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanı və s. mövzulara həsr olunub. Treninqi mərkəzin direktor müavini Nəzakət Rəhmanova, baş metodist Samirə Cəlilova, mütəxəssis olaraq Milli Kitabxananın əməkdaşları Ədibə İsmayılova, Samirə Şabanova, Ədliyyə Akademiyası Kitabxanasının əməkdaşı Ruhiyyə Məmmədova və başqa mütəxəssislər aparırlar.
Tədbir çərçivəsində yazıçı-jurnalist Rəşad Məcid region kitabxanaçıları ilə görüşüb, öz kitablarını Bərdə MKS-yə hədiyyə edib.