Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Azərbaycan dilini öyrənmək məqsədilə ölkəmizə gələn amerikalı tələbələrlə görüşüb.
Görüşdə əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini yüksək dəyərləndirən K.Abdulla dili mədəniyyətdən kənarda öyrənməyin mümkün olmadığını deyib. O, bu baxımdan tələbələrə Azərbaycan dili ilə yanaşı, mədəniyyətimizin komponentlərini də öyrənməyi tövsiyə edib. Diqqətə çatdırılıb ki, X əsrdən etibarən Azərbaycan dili, mədəniyyəti geniş coğrafi ərazidə yayılaraq qonşuların və Avropa xalqlarının diqqətini cəlb etməyə başlayıb. Həmin dövrdə Azərbaycan dilində “Kitabi-Dədə Qorqud” kimi məşhur epik abidələr yaranıb. Rektor, həmçinin XIX-XX əsrlərdə ölkəmizin mədəni, iqtisadi həyatında cərəyan edən hadisələrdən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti barədə məlumat verən rektor diqqətə çatdırıb ki, bu qurum multikulturalizmin təkcə Azərbaycanda deyil, dünyada inkişaf etməsi istiqamətində əhəmiyyətli işlər görür.
Qeyd edək ki, amerikalı tələbələr Azərbaycan dilini ABŞ Dövlət Departamentinin “Önəmli Dil Təqaüdü Proqramı” çərçivəsində öyrənirlər.