Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib.

Tədbirdə alimin “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, “Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib. Akademik Nizami Cəfərov Məti Osmanoğlunun elmi və ədəbi fəaliyyətindən söz açıb.

Bildirib ki, o, 1958-ci ildə Qazax rayonunun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət media sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Moris Simaşkonun “Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib.

Tədbirdə elm adamları ilə yanaşı, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər.