Türkiyənin Hacəttəpə Universitetinin Antropologiya fakültəsinin professoru, doktor Yılmaz Səlim Ərdal AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiqatlara başlayıb.
Tədqiqatlar Türkiyənin Orta Doğu Texniki Universitetinin əməkdaşı Mehmet Somelin “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. “Consolidator Grant” Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənən layihə çərçivəsində Azərbaycanda aşkarlanan neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələr Türkiyənin və İsveçin laboratoriyalarında araşdırılacaq. Layihəyə əsasən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Tovuzda aşkarladığı abidələrin materialları cəlb olunub.
Yılmaz Səlim Ərdalın sözlərinə görə, DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birinə qohumluq əlaqəsi araşdırılacaq.