Tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy haqqında filmin çəkilişləri başa çatıb.
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, yazıçının həyat və yaradıcılığının tədqiqatçısı Nuridə Atəşinin bildirdiyinə görə, “Əsəd bəyin əzabları” adlı ikiseriyalı film hələlik yalnız alman dilindədir.
Ekran əsərinin çəkilişləri 2004-cü ildə başlanıb. Çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. N.Atəşi deyib ki, Berlindəki “Um Welt Film” studiyasının çəkdiyi, Ralf Marşallekin rejissoru olduğu filmin 20 dəqiqəlik hissəsi bir neçə il əvvəl Azərbaycana gətirilib və ölkəmizdə Almaniya Mədəniyyət ili çərçivəsində “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdirilib.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi, Berlin Mədəniyyət Fondu, Neapol Film Şirkəti Komissiyası və digər beynəlxalq qurumlar maliyyələşdirib.
Filmdə Məhəmməd Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması - “Sevgidən bixəbər kişi” romanından, Azərbaycana olan sevgisi, vətən həsrəti, öz vətənində ona edilən haqsızlıqlardan bəhs edilir. Yazıçının çəkdiyi iztirablar onun öz dili, şahidlərin müsahibələri və kadrarxası səslərlə verilib.
Məhəmməd Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbə həyatı, bestsellerə çevrilmiş “Əli və Nino” romanının yazıldığı Vyana ilə bağlı xatirələri, nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi mənzilində ağır xəstəliyi və dözülməz ağrıları ilə ölüm yatağında son romanının yazıldığı şərait də ekran əsərində əks olunub.
Filmdə əsas rollardan birində çəkilən N.Atəşi filmin Azərbaycanın milli-mənəvi irsinə çevriləcəyinə əminliyini bildirib.