“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsi çərçivəsindəki ikinci toplantısını Balakən rayonunda təşkil edib. 

Birliyin sədri Əvəz Rüstəmov layihə barədə məlumat verərək bildirib ki, günümüzün ayrılmaz tərkib hissəsinə çevrilmiş elektron media və sosial şəbəkələr öz ətrafına daha çox əhali kütləsi toplamaqdadır. Sosial şəbəkələr artıq virtual deyil, real məkan statusundadır. Sosial şəbəkələr vətəndaş jurnalistikasının inkişafında mühüm yerə sahibdir: “İstəyirik ki, qarşılıqlı diskussiyalarla cəmiyyət elektron mediada və sosial şəbəkələrdə qarşıya çıxan problemləri həll etsin”.

Bildirilib ki, layihə çərçivəsində növbəti toplantılar Masallı və Şabran rayonlarında gerçəkləşəcək.

Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə də çıxışında sosial şəbəkələrin məsuliyyət yükü barədə söz açıb. Qeyd edib ki, bu müstəvidə problemlər yetərincədir. Ekspert elektron media və sosial şəbəkələrlə bağlı yerli və beynəlxalq qanunvericilikdə rast gəlinən ayrı-ayrı məqamlar, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından nəzərə çarpan meyllərdən bəhs edib, iştirakçıların suallarını cavablandırıb.