Çinin Yunnan vilayətinin inzibati mərkəzi olan Kunmin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100-cü ildönümü münasibətilə konsert təşkil edilib.
Tədbir ölkəmizin Çindəki səfirliyinin təşkilatçılığı və Kunmin İncəsənət Kollecinin dəstəyi ilə gerçəkləşib.
Kunmin Böyük Teatrında təşkil olunan konsertdən əvvəl Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı çıxış edərək müsəlman Şərqində qurulan ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömür sürməsinə baxmayaraq, bir çox sahələrdə nailiyyətlər əldə etdiyini deyib. Müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir bildirib ki, ölkəmiz beynəlxalq müstəvidə əlaqələrə, o cümlədən Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Azərbaycan Çin rəhbərliyinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, tarixi İpək Yolunun dirçəldilməsində maraqlıdır.
Sonra səhnə Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Kunmin Filarmonik Orkestrinin ixtiyarına verilib.
Konsertdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “Don Kixot” simfonik qravürlərindən hissələr, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsər ilə yanaşı, Çin bəstəkarlarından Lu Çimin, Van Silin və digərlərinin əsərləri ifa olunub.
Kunmin Filarmonik Orkestrinin üzvü Samir Əsədov görkəmli bəstəkar Asəf Zeynallının skripka üçün “Muğamsayağı” əsərini solo ifa edib. Kunmin Böyük Teatrında təşkil olunan konsert Belarusdan olan solist Aleksey Şaşolkanın SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin məşhur “Baharlı yurdum – Azərbaycan” mahnısını oxuması ilə başa çatıb.
Tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunan konsertə baxanlar arasında Yunnan vilayəti və Kunmin şəhəri hökumətinin rəsmiləri də olub.