Beynəlxalq musiqi festivalı çərçivəsində simpozium
Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində - iyunun 29-30-da “Marxal” hotelinin konfrans zalında UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) “Məqam” elmi tədqiqat qrupunun X Beynəlxalq simpoziumu keçirilib. Simpozium “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusuna həsr olunub.
Tədbirin açılışında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, ənənəyə çevrilən “İpək Yolu” festivalı müxtəlif xalqların musiqisinin təbliğində böyük rol oynayır. Diqqətə çatdırılıb ki, Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanması, həm də bu diyarda dünya və ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələrinin mövcudluğu ilə bağlıdır. Onlardan Kiş alban məbədi və XVIII əsrə aid Şəki xan sarayı dünya əhəmiyyətli abidələr hesab olunur. 2012-ci ildə xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib.
Vurğulanıb ki, bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərtilə müasirləşdirilməsi ən vacib vəzifələrdən biridir. Şəhərin tarixi hissəsində mədəni irsin qorunması, ərazidə bərpa, yenidənqurma, konservasiya, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, memarlıq nümunələrinə zərər vurulmasının qarşısının alınması məqsədilə geniş iş aparılır.
Qeyd olunub ki, Şəkidə bu gün bir çox sənət sahələri qorunub saxlanılıb. 2017-ci ildə Şəki UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olub. Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə simpozium iştirakçılarına “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı barədə ətraflı məlumat verib. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin ənənələrin, o cümlədən muğam sənətinin təbliğ olunmasına böyük diqqət və qayğı göstərildiyini bildirən Firəngiz Əlizadə bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
UNESCO İCTM-in vitse-prezidenti, Böyük Britaniyadan gəlmiş Razia Sultanova belə bir tədbirdə iştirakından məmnun qaldığını bildirib.
Simpoziumun birinci günü AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğlunun yaradıcılığında innovasiyalar”, UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” elmi tədqiqat qrupunun sədri, Özbəkistandan gəlmiş Aleksandr Cumayevin “Maqomat sənəti çağdaş Özbəkistan və Tacikistan şəraitində: itkilər və dəyişikliklər, konsepsiyalar və axtarışlar”, Ankara Musiqi Universitetindən Okan Murat Öztürkün “Maqam konsepsiyasına Qərb-mərkəzli yanaşmanın tənqidi” və digər mövzularda məruzələr dinlənilib.
Simpoziumun ikinci günü Özbəkistan Elmlər Akademiyasının Elmi Tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Dilorom Karomat “Hindistan musiqi mədəniyyətində Maqam və Raqa arasındakı qarşılıqla əlaqə haqqında”, Yunanıstanın Epirus Texnologiya İnstitutunun Ənənəvi musiqi fakültəsinin əməkdaşı, İCTM-in üzvü Markos Skoulios “Osmanlı-Türk maqamının və Hindistan Raqa modal sistemlərinin müqayisəsi” mövzusunda çıxış ediblər. Həmçinin Rusiyanın Dövlət Elmi Tədqiqat İncəsənət İnstitutunun əməkdaşı Gültəkin Şamillinin “Dəstgahı necə qorumaq olar? Təcrübənin və nəzəriyyənin tədqiqi”, AMEA Memarlıq və İncəsənət İnstitutunun təmsilçisi Sürəyya Ağayevanın “Muğamat/maqamat sənəti müsəlman Şərqi alimlərinin tədqiqatlarında” mövzusunda məruzələri dinlənilib.
Müzakirələrdən sonra simpozium iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib. Bununla da “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusunda simpozium başa çatıb.