Cümhuriyyətin 100 illiyinə həsr olunmuş yaradıcılıq festivalı davam edir

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında  keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Ötən həftə (25-26 iyun) festivalın ilk tədbirləri Masallıda və Lənkəranda keçirilmişdi.

 

Növbəti məkan – Salyan şəhəri

 

Festival çərçivəsində növbəti tədbir iyunun 30-da Salyan şəhərindəki Heydər Əliyev adına meydanda təşkil olunub. Meydanda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin festival çadırları qurulub, idarələr üzrə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələrinin, rəsm və suvenirlərin, digər əl işlərinin sərgisi və satışı keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Salyan rayon rəhbərliyi, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və digər əl işləri ilə tanış olublar.

Sonra nazirliyin regional idarələrinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür festivalların keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, əl işlərini həvəslə nümayiş etdirən ustalar festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

 

Yaradıcılıq festivalı Sabirabadda davam edib

 

Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının dördüncü ev sahibi Sabirabad olub.

Heydər Əliyev parkında təşkil olunan festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, bölgələrin sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.

Açılış mərasimində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov festivalın əhəmiyyətini nəzərə çatdırıb. Vurğulanıb ki, layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı  yaradır.

Rayon sakinləri, tədbirə dəvət edilən qonaqlar, habelə festival iştirakçıları pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrə aid mədəni irs, həmin bölgənin tarixi və müasir inkişafını əks etdirən sənət nümunələri ilə tanış olublar.

İştirakçılar tədbirlə bağlı təəssüratlarını bölüşüblər.

Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova bildirib ki,  festivalın yay mövsümündə keçirilməsi xüsusilə önəm kəsb edir. Bu layihə sayəsində həm xarici qonaqlar, həm də yerli sakinlər bölgələrimizin zəngin mədəni həyatı ilə yaxından tanış ola bilirlər: “Bizim bölgənin də çox zəngin tarixi-mədəni irsi var. Bərdə beş əsrə yaxın Azərbaycanın qədim dövləti – Qafqaz Albaniyasının paytaxtı olub. Bölgədə bu tarixi zənginlik yaşadılır. Mədəniyyət Nazirliyi indiyədək bu qəbildən bir çox layihələr təşkil edib. Bu festival hər kəsin ürəyincədir. Bərdə şəhərində də festivalı ruh yüksəkliyi ilə keçirəcəyik”.

Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyevin də  festivalla bağlı zəngin təəssüratı var: “Bu tədbiri yüksək qiymətləndiririk. Bu, ölkəmizin bölgələrinin mədəni zənginliyinin görüntüsü, o cümlədən bir çox nümunələri UNESCO siyahılarına daxil edilmiş irsimizin parlaq təqdimatıdır”.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz bacarıqlarını nümayiş etdiriblər. Konsert proqramı maraqla qarşılanıb. Festival atəşfəşanlıqla başa çatıb.

* * *

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birində təşkil olunacaq.

Ötən illərdə nazirlik tərəfindən bölgələrimizin mədəni irsinin təbliği istiqamətində bir sıra layihələr icra olunub. 2010-2014-cü illər üzrə “Xalq yaradıcılığı paytaxtları” proqramı, 2015-ci ildə reallaşdırılan “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” nominasiyaları bu sıradandır. Bundan əlavə, 2015-2016-cı illərdə “Bölgələrdən paytaxta” layihəsi həyata keçirilib.

Cümhuriyyətin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” festivalı ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin olacaq.