İyulun 3-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz (MEMM) Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə Mərdəkan Mədəniyyət sarayında müxtəlif profilli müəssisələrdə çalışan metodistlər üçün “Mədəniyyət müəssisələrinin aktuallığının artırılması yolları” adlı təlim təşkil edib.
Tədbirdə MEMM tərəfindən hazırlanmış “Klub işinin təşkili”, “Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klubların yaradılmaları üçün nümunəvi iş planı”, “Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları”, “Şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarında dram və bədii qiraət dərnəyinin təşkili, “Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları”, “Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası” və digər metodiki vəsaitlərin təqdimatı, habelə müzakirəsi keçirilib.
Müzakirə olunan məsələlər sırasında xüsusi olaraq mədəniyyət müəssisələrinin sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyətimizin müasir təbliğat yolları və metodları, sahənin sosial imici və digər önəmli məsələlər diqqətə alınıb.
Mərdəkan Mədəniyyət sarayının direktoru Əliağa Mirzəyev tədbirin əhəmiyyətindən danışıb, öz təcrübəsindən bəhs edib.
Mərkəzin şöbə müdiri Məzahir Qarayev və əməkdaşları Elnarə Hacıyeva, Aygün Balabəyova, Nadir Məmmədov çıxış edərək hazırlanmış metodiki vəsaitlər haqqında məlumat veriblər. Mədəniyyət sarayının metodisti Bilqeyis Ağabalayeva, Yeni Suraxanı Mədəniyyət mərkəzinin metodisti Zəhra Fərzəliyeva və digərləri təqdim edilən metodiki vəsaitlərin mədəniyyət müəssisələrinin fəaliyyəti üçün əhəmiyyətini qeyd ediblər.
Fikir mübadiləsi ilə davam edən tədbirdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət müəssisələrinin fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkil olunmasının vacibliyi haqqında mülahizələrini bölüşüb.