Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi tərəfindən 2-8 iyul tarixlərində “Beynəlxalq Qarabağ Forumu” keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və digər qurumların dəstəyi ilə təşkil olunan forumda Avropanın 20 ölkəsindən gənclər iştirak edir.
İyulun 2-də Beynəlxalq Muğam Mərkəzində forumun açılışı keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çıxış edərək tədbirin əsas məqsədinin Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, forum işini Bərdə şəhərində davam etdirəcək. Tədbirin yekununda qəbul olunacaq qətnamə Avropa Gənclər Parlamentinin Berlində yerləşən ofisinə təqdim ediləcək.
Forum iştirakçılarına “Qarabağ Qafqazın mədəniyyət mərkəzidir” adlı konsert proqramı təqdim edilib.
Televiziya muğam müsabiqəsinin qalibləri Gülnar Qüdrətli “Sarı gəlin” xalq mahnısını, Orxan Hüseynli “Segah”, Nurlan Namazov “Qatar” və Nisbət Sədrayeva “Şüştər” təsniflərini ifa ediblər. Xanəndələri əməkdar artistlər Sahib Paşazadə (tarda) və Toğrul Əsədullayev (kamançada) müşayiət ediblər.