Ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə iyunun 30-dan Özbəkistanın mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb.
Mediatura Özbəkistan Dövlət Televiziyasının, “Dünyo boylab” telekanalının, “qalampir.uz” və “nargis.uz” portallarının əməkdaşları qatılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun bildirdiyinə görə, səfərin məqsədi özbək jurnalistlərinə Azərbaycan həqiqətləri, ölkəmizin nailiyyətləri, habelə tariximiz, mədəniyyətimiz, respublikamızın gəzməli-görməli yerləri haqqında ətraflı məlumat vermək və bütün bunları Özbəkistan mediasında təbliğ etməkdir.
Səfər zamanı çəkilən fotolar əsasında Daşkənddə “Şərqin ilk parlayan ulduzu və Qafqazın mirvarisi – Azərbaycan” adlı fotosərginin keçirilməsi də planlaşdırılır.
Xatırladırıq ki, ötən il də bir qrup özbək jurnalisti Azərbaycanda səfərdən sonra ölkəmiz haqqında verilişlər hazırlayıb, məqalələr çap etdiriblər.