Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olacaq.
Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. Uzun illər ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri bu teatrla sıx yaradıcılıq əlaqələri saxlayıblar. Zəngin təcrübəyə malik olub, uğurlu fəaliyyəti sayəsində sənətsevərlərin böyük rəğbətini qazanmış teatr beynəlxalq festivallardakı çıxışları ilə müasir Azərbaycanın mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edir.
Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.